Aprelin 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İraq Respublikasının paytaxtı Bağdad şəhərində səfərdə olub.
SOCAR mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Rövnəq Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüşü keçirilib.
İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılmış, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılmışdır. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması qeyd olunmuşdur.
SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləmiş, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında ətraflı məlumat vermişdir.
İraqın neft naziri Adil əbd əl-Məhdi öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışmış, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat vermişdir.
Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur. SOCAR prezidenti Rövnəq Abdullayev İraqın neft naziri Adil əbd əl-Məhdini onun üçün uyğun bir vaxtda Azərbaycana səfərə dəvət etmişdir.