SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) martın 19-da “Ümid” yatağında yeni qiymətləndirmə quyusunun qazma işlərinə başlayır. Bu barədə bu gün jurnalistlərə SOCAR-ın yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“Maili quyunun dərinliyi 1,5 min metr təşkil edəcək. Qazma əməliyyatları bu gün başlayır”, – deyə X.Yusifzadə bildirib.
Daha əvvəl X.Yusifzadəyə istinadən məlumat verilib ki, “Ümid” yatağında maili quyu onun təməlinin qoyulacağı hissədə ehtiyatların qiymətləndirilməsi üçün mövcud platformadan həyata keçiriləcək.
“Əgər qazma işlərinin nəticələri uğurlu olarsa, o zaman burada yeni hasilat platformasının quraşdırılmasına dair qərar qəbul ediləcək”, – deyə o qeyd edib.
Yeni quyunun qazılması “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün xarici tərəfdaşın seçimi üzrə tender proseduru ilə paralel aparılacaq. SOCAR-ın “Ümid” yatağında əməliyyatlara çəkəcəyi xərclər yeni tərəfdaşla müqavilənin imzalanması zamanı nəzərə alınacaq.
Xəbər verildiyi kimi, SOCAR “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin yazında tender elan edib. Bununla əlaqədar şirkət “Ümid” yatağında yeni quyuların qazılmasını dayandırıb və yeni hasilat platformasının tikintisi ilə bağlı planları təxirə salıb.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.