SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bu günlərdə “Ümid” yatağında qazma əməliyyatlarını bərpa etməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
“Biz quyunun təməli qoyulacağı sahədə ehtiyatların qiymətləndirilməsi məqsədilə “Ümid” yatağında mövcud platformadan maili quyunun qazılmasını planlaşdırırıq. Əgər qazma işlərinin nəticələri uğurlu olarsa, o zaman burada yeni hasilat platformasının quraşdırılması barədə qərar qəbul ediləcək”, – deyə o qeyd edib.
X.Yusifzadənin sözlərinə görə, yeni quyunun qazılması “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün xarici tərəfdaş seçimi üzrə tender proseduru ilə paralel həyata keçiriləcək.
“Ümid” yatağında əməliyyatlarmıza sərf edəcəyimiz xərclər yeni tərəfdaşla müqavilənin imzalanması zamanı nəzərə alınacaq”, – deyə o qeyd edib.
Daha əvvəl X.Yusifzadəyə istinadən məlumat verilmişdi ki, SOCAR “Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin yazında tender elan edib. Bununla əlaqədar şirkət “Ümid” yatağında yeni quyuların qazılmasını dayandırıb və yeni hasilat platformasının tikintisi ilə bağlı planları təxirə salıb.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
Azərbaycanın qaza olan tələbatının təmin edilməsi baxımından, eləcə də Trans-Anadolu qaz kəməri (TANAP) ilə ixrac ediləcək qaz mənbələrindən biri olaraq “Ümid” yatağı SOCAR-ın diqqət mərkəzindədir.