2015-ci ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) dövlət büdcəsinə 226 mln. 729 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-fevral ayları ərzində SOCAR-ın dövlət büdcəsinə vergi köçürmələri 346 mln. 613 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-fevral aylarında şirkətin dövlət büdcəsinə vergi köçürmələri 34,6% azalıb.
2015-ci ilin fevral ayında SOCAR dövlət büdcəsinə 108 mln. 227 min manat məbləğində vergi ödəyib.
Caspian Barrel-ın məlumatına görə, SOCAR-ın büdcə ödəmələrinin azalmasına səbəb dünya bazarında neftin kəskin ucuzlaşması səbəb olub. Belə ki, 2014-cü ilin yanvar-fevral aylarında Brent markalı neftin orta qiyməti 109,32 dollar olmuşdusa, 2015-ci ilin müvafiq dövründə həmin göstərici 53,86 dollar təşkil edib.
Cari ilin yanvar-fevral aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 23 mln. 465 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 5,5%).
Bununla yanaşı, fevral ayında şirkət DSMF-ə 11,534 mln. manat məbləğində ödəniş həyata keçirib.
2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib.
2015-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.