Martın 4-də SOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Caspian Barrel şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığını, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirmişdir.
O, son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışmışdır.
Qeyd olunmuşdur ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində həyata keçirilən layihələr üzrə qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa Birliyi ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilmişdir.
Ötən dövr ərzində neft-qaz sənayesi böyük inkişaf yolu keçmiş, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olmuşdur. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılmış, qeyd olunmuşdur ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin etmişdir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmışdır.
Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, hazırda ölkəsinin Azərbaycandan neft idxal etdiyini diqqətə çatdırmışdır. Nazir Trans-Anadolu qaz kəməri layihəsinin inşa olunmağa başlanmasını və Azərbaycan qazının bu marşrutla ixrac ediləcəyini yüksək qiymətləndirmişdir. Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanmış, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Daha sonra Çexiya nümayəndə heyətinin üzvləri Azərbaycan, onun tarixi, iqtisadiyyatı, SOCAR, şirkətin fəaliyyət istiqamətləri və strateji hədəfləri haqqında onları maraqlandıran suallarla müraciət etmişlər. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və emal üzrə vitse-prezidenti David Məmmədov onların suallarını ətraflı cavablandırmışlar.