“Standard & Poor’s” kredit reytinqləri xidməti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) reytinq proqnozuna “Sabit”dən “Neqativ” istiqamətində yenidən baxıb.
Trend-in məlumatına görə, agentlik, eyni zamanda, şirkətin uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib.
Məlumata əsasən, SOCAR-yə münasibətdə reytinq fəaliyyətləri Azərbaycanın suveren reytinqləri üzrə proqnoza yenidən baxıldıqdan sonra tətbiq edilib və agentliyin dövlətlə əlaqəsi olan təşkilat kimi SOCAR barədə fikrini əks etdirir ki, bu da suveren reytinqin aşağı düşməsi halında şirkətin reytinqinin enməsi ehtimalının artmasını şərtləndirir.
Agentlik SOCAR-nin Azərbaycan iqtisadiyyatında rolunu “son dərəcə vacib” kimi qiymətləndirir. Bundan başqa, agentlik SOCAR-nin hökumətlə əlaqələrini “çox davamlı” kimi dəyərləndirir.
Qeyd edilir ki, şirkətin reytinqlər üzrə proqnozuna “sabit” istiqamətində yenidən baxılması suveren reytinqlər proqnozunun “sabit” yöndə dəyişməsi halında mümkündür.