2015-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2 mln. 470,053 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 2,7% çoxdur. Bu barədə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat yayıb.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il) 2015-ci ilin fevral ayının 1-nə qədər 266 mln. 309,899 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir.
Yanvar ayında BTC neft kəməri ilə 602,066 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin yanvar ayında Ceyhan neft terminalından 2 mln. 480,296 min ton Azərbaycan nefti nəql olunub. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 264 mln. 419,386 min ton Azərbaycan nefti yola salınıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə BTC kəməri ilə Azərbaycan neftinin nəql həcmi 28 mln. 508,192 min ton təşkil edib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.