“SOCAR Energy Georgia” Gürcüstan kəndlərinin qazlaşdırır
Bu günlərdə Gürcüstanın Kaspi bələdiyyəsinə aid Vake kəndinə təbii qazın verilməsinə başlanılmışdır.Bu münasibətlə keçirilən mərasimdə ölkənin baş naziri İrakli Qaribaşvili, baş nazirin müavini və energetika naziri Kaxa Kaladze, dövlət naziri Paata Zakareişvili, Şida-Kartli əyalətinin qubernatoru Zurab Rusişvili, Kaspi bələdiyyəsinin başçısı Qoça Qoçitaşvili, Gürcüstanın qaz nəqli şirkətinin baş direktoru Mamuka Kobaxidze, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Qaz məşəlini ölkənin baş naziri, energetika naziri və şirkət rəhbərləri alovlandırıblar.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Kaspi bələdiyyəsinə daxil olan ümumilikdə 10 kəndin, o cümlədən Vake, Axalşeni, Qoraka, Xviti, Tvaurebi, Karafila, Saribari, Zadiaantkari, Sokarintlo və Pantiani kəndlərinin qazlaşdırılması dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu məqsədlə 36 202 metr uzunluğunda boru kəməri çəkilmiş və 648 evdə sayğac quraşdırılmışdır. Kvemoçala yaşayış məntəqəsində yerləşən Vake, Qoraka və Axalşeni kəndlərinin qazlaşdırılması üçün artıq 10 692 metr uzunluğunda orta təzyiqli boru kəməri çəkilmiş, burada yaşayan 162 ailə təbii qazla təmin olunmub.
Bu bölgələrin qazlaşdırılması layihəsinə 2014-cü ildə start verilmişdir. Layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 19 milyon lari vəsait ayrılmışdır. Qori, Kareli, Kaspi, Xaşuri və Zuqdidi bələdiyyələrinin 58 kəndində aparılan qazlaşdırma işləri nəticəsində 13 000 ailə təbii qazla təmin olunacaq. Başa çatmaqda olan qazlaşdırma işləri Gürcüstanın qaz nəqli şirkəti tərəfindən podratçılar vasitəsilə aparılır.