Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2013-cü ilin yayında Yunanıstanın qaz paylayıcı şırkəti DESFA-nın 66%-nə sahib olmaq üçün bu ölkə qurumlarının keçirdikləri rəsmi tenderin qalibi elan edildi. Elə həmin ilin sentyabrında da müvafiq sənədlər imzalandı. Artıq 2014-cü ilin ilk rübündə SOCAR idarəetmə funksiyasını həyata keçirməyə başlamalı idi. Ancaq…məsələ uzandı və bu günədək uzanır. Belə ki, məsələyə Avropa Komissiyası qarışaraq müəyyən məsələlərin araşdırılmasını istəmişdi. Və belə görünür ki, hələ də bu araşdırma yekunlaşmayıb və son məlumatlara görə, cari rübün sonu və ya aprelin əvvəlinə qədər DESFA ilə rəy bildirilməlidir.
Ancaq bu arada Yunanıstanda hakimiyyət dəyişdi və 2015-ci il başlayar-başlamaz hökumətə radikal solçular gəldilər. Onların gəlişi ilə yunanlar daha da radikallaşmağa başlayıblar, yəni o mənadakı çox insanın gözlərində əvvəlki dövrlərə rəğmən işartı əmələ gəlib ki, “işləmədən inkişaf etmək mümkün olacaq”. Yeni hökumət isə Avropa Mərkəzi Bankından və Beynəlxalq Valyuta Fondundan daha borc almaq istəmir. Maraqlıdır, onda nəyin hesabına və necə problemlərini həll edəcək? Bəlkə rəğbət bəslədiyi Rusiya ilə işbirliyi hesabına? Artıq buna görə rəsmi Brüssel Afinanı xəbərdar edib. Bəlkə yenə adaların satışı hesabına?
İstənilən halda bir şey bəlidir ki, Yunanıstanın problemləri populist şüarlarla hakimiyyətə gəlmiş hökumətin işidir. Biz isə baxaq görək Yunanıstanın hazırkı iqtisadi vəziyyəti necədir?
Caspian Barrel-in Avropa mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstan 2008-2013-cü illərdə daim böhran vəziyyətində olmuş, onun iqtisadiyyatının düşmə səviyyəsi ayrı-ayrı illərdə 7%-ə çatmışdır. Bu illərdə vəziyyətdən çıxmaq üçün hökumət çoxlu borca girməli olmuşdu, ancaq vəziyyəti heç cür düzəldə bilməmişdir. Nəticədə bu gün Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti 176% təşkil edir. Bu göstəriciyə görə Yunanıstan Avropada liderdir. Bundan sonra İtaliya gəlir – 131,4%. Qeyd edək ki, ən aşağı göstərici isə Estoniyadadır – 10,5%.
2015-ci il yanvarın 1-ə olan məlumata əsasən, Yunanıstanın borcu €320 mlrd-a çatıb. Bu ölkənin əsas problemi heç də onun makroiqtisadi göstəricilərinin bərbad vəziyyətdə olması deyil, ən pisi son 7 ildə əhalinin həyat səviyyəsinin daim aşağı düşməsidir.
Rəsmi məlumatlara görə, işsizlik ölkədə 30%-ə qədər artır pik zamanı, gənclər arasında isə bu göstərici bəzən 2 dəfə çoxdur.
Yunanıstanın statistik idarəsi – Elstat-ın məlumatına görə, 2008-ci ildə böhranın ilkin çağında ölkənin cəmi 5% əhalisinin aylıq gəlirləri €750-dan aşağı idi. 2013-cü ilin yekunlarına əsasən isə bu göstərici 26% təşkil edib ki, bu da 1,1 mln ailə deməkdir.
Bu baxımdan belə bir problemli ölkədə qazpaylayıcı şirkətə sahib olmağın özü də artıq müəyyən risklər yaradır. Necə deyərlər, SOCAR 400 mln avroluq investisiyanı, hansını ki, DESFA-nın 66%-lik payının alınmasına sərf etməliydi, daha cəlbedici biznes sahələrinə yönəldə bilərdi.