Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Bunun ilk təsirləri maliyyə bazarlarında özünü göstərib.
Düzdür, bir faktı qeyd etmək lazımdır ki, burada Rusiyanın maliyyə sistemindəki dayanıqsızlıq və əhalinin panik vəziyyətdə milli valyutanı dollara dəyişdirməsi kimi addımlar atması müəyyən mənada bu ölkə ilə sıx parakəndə ticarət əlaqəsi aparan Azərbaycana da öz neqativ təsirlərini göstərir.
Azəraycan Respublikası Milli Bankı 2015-ci ilin yanvarında manatın kursunun stabilliyini saxlamaq üçün maliyyə bazarına $1,077 mlrd intervensiya edib. Ötən ilin dekabrında bu rəqəm $1,27 mlrd olmuşdu.
Qeyd edək ki, əgər bu sürətlə, yəni ayda 1 mlrd dollar bazara çıxarmaqla manatın məzənnəsi qorunarsa, onda 2015-ci ilin sonunda Milli Bankın ehtiyatları tükənmək təhlükəsi ilə üzləşə bilər. Çünki artıq pnun rezervləri $12,68 mlrd təşkil edir.
Bu baxımdan hökumət heç də hər bir şeyi Rusiya faktorunun üzərinə yıxmaqla işini bitmiş hesab etməməlidir. Manatın kursunun stabilliyi real sektorun inkişafından keçir. İndiyə qədər Azərbaycanda manatın kursunun stabilliyi bahalı neft hesabına əldə edilmişdi. Ancaq ötən ilin ortasından “qara qızılın” qiyməti 50% ucuzlaşdı və bu stabilliyi saxlamaq üçün Milli Bank məcbur oldu ki, öz ehtiyatlarının bir hissəsini xərcləsin.
Ancaq bir şeyi yada salmaq lazımdır ki, Hökumət 2008-ci ildən başlayaraq hər rüb Dövlət başçısına qeyri-neft sektorunda görünməmiş inkişaf templəri ilə bağlı hesabatlar təqdim edir və Neft Fondundan, dövlət büdcəsindən, bir sözlə neft vəsaitlərindən qeyri-neft sektoruna axan vəsaitlər fonunda staistik inkişafı böyük qələbə kimi ortaya qoyurdular. İndi Azərbaycan məhz o məqama gəldi ki, həmin xərclənən on milyardlarla neft vəsaitləri öz bəhrəsini verməliydi, yəni qeyri-neft sektoru həm budcəyə daxilolmalarda, həm makroiqtisadi sabitlikdə və həm də ölkənin ixrac potensialında bir dəyişikliyə nail olmalıydı.
Təəssüf ki, reallıq onu göstərir ki, Azəraycan məmurları iqtisadiyyatın bu günkü çıxışını da, sabahkı arzularını da yenə də NEFT amilində görürlər və neftin qiymətinin aşağı düşməsinin müvəqqəti bir hal olması və onun tezliklə artması ilə bağlı fikirləri buna əyani sübutdur.
Əks təqdirdə ötən ildən müxtəlif ssenarilər hazırlanardı və bildirilər ki, neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatı üçün elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycanda 2010-ci ildən başlayaraq neft hasilatının azalması prosesi gedir və hökumət başa düşür ki, bir daha əvvəlki nəticələr əldə edilməyəcək. 2008-ci ildən isə iqtisadiyyatın şaxələndirilməsi layihəsi işləyir. Bizim məqsədimiz 2018-ci ildə qeyri-neft sektorundan gələn gəlirlər hesabına büdcənin 70% daxilolmalarını təmin edək (hazırda bu göstərici 35%-dir).
Yoxsa ÜDM-də neft sektorunun payı ildən-ilə azalır kimi statistik proqnozlarla 2015-ci ilin büdcəsi arasında hansısa bir düz mütənasiblik varmı? Çünki ÜDM makroiqtisadi göstəricidir, “qarın doyuran” faktor deyil? Günü sabah ÜDM-də neft neft sektorunun payını bu günkü 43%-dən 30%-də sala bilərik, bunun üçün neftayırma zavodlarını STATİSTİKAda emal sənayesinə aid qrafaya, yanacaqdolma məntəqələrində satılan yanacağı isə parakəndə satış qrafasına aid edərik. Vəssalam – bununla da hesabatlarımızda hər şey artı da, plan da həyata keçdi ! Ancaq reallıqda vəziyyət ki, dəyişmədi?
Məsələnin məğzi də bundadır…
P.S.Azərbaycan Prezidenti də müşavirədə bunu deyirdi, minlərlə hektar torpaqlar bom-boş qalıb, nə əkirlər, nə becərirlər…ancaq adı FERMER təsərrüfatıdır…hətta dövlətdən subsidiya alanlar da var, məhsul olmaya-olmaya…
İlham Şaban