Fevralın 12-də Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin mətbuat xidməti məlumat verir.
Tədbirdə vitse-prezident və Azərbaycandan olan nümayəndələrdən başqa, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iştirak edəcəklər.
“Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur”,- deyə M.Şefçoviç bildirib.
“Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019/2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir”, -deyə o vurğulayıb.
Bu, vəzifəyə təyin olunduqdan sonra M.Şefçoviçin Azərbaycana baş tutan ikinci səfəri olacaq. O, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə Cənub Qaz Dəhlizini müzakirə etmək üçün 2014-cü ilin noyabr ayında Azərbaycana səfər edib.