Son rübdə neftin qiymətinin kəskin enməsi xarici neft şirkətlərinin vergi ödəmələrinə də öz təsirini göstərib
2014-cü il Azərbaycan dövlət büdcəsinə ödənişlərlə bağlı rəsmi məlumatlar ictimaiyyətə açıqlanıb.
Caspian Barrel Azərbaycan Respublikası Vergilər Nazirliyinə istinadən bildirir ki, 2014-cü il dövlət büdcəsinə 7 milyard 114 milyon manat (proqnozlara görə 7,102 mlrd AZN) vergi ödənib. Bu vəsaitin 4 milyard 306 milyon manatı (60,5%-i) qeyri-neft sektorunun payına düşüb.
İqtisadçı-ekspert Rövşən Ağayev Caspian Barrel-ə bildirib ki, qeyri-neft ödənişləri ilə bağlı vacib bir detala aydınlıq gətirməyə ehtiyac var: “Hökumətin “qeyri-neft sektorun”dan daxilolmalar kimi təqdim elədiyi 4,306 milyard manat vergi ödənişləri içərisində neft sektoruna birbaşa aidiyyatı olan vergilər də var. Belə ki, 2014-cü ildə Hasilatın Pay Bölgüsü sasizləri çərçivəsində fəaliyyət göstərən podratçı və xarici subpodratçı şirkətlərin gəlir vergisi və mənfəət vergisi üzrə nəzərdə tutulan təxminən 430 milyon manat vəsait, həmçinin SOCAR-ın gəlir vergisi üzrə təxminən 80 milyon manat vəsait də, yəni birbaşa neft sektoru hesabına formalaşan 510 milyon manat vəsait də “qeyri-neft sektorun”dan daxilolmalar kateqoriyasına aid edilb. Bu vəsaitləri nəzərə almasaq, “qeyri-neft sektorun”dan xalis daxilolmaların 3.796 milyard manat (vergi gəlirlərinin 53%-i) təşkil etdiyi aydınlaşır”.
Qeyd edək ki, 2014-cü ildə rəsmi rəqəmlərdən çıxış etsək, dövlət büdcəsinə Vergilər nazriliyinin xətti ilə toplanan vəsaitlərin 2,807 milyard manatı (39.45%) neft sektorunun hesabına formalaşıb (əgər 510 mln manatı da nəzərə alsaq, onda bu göstərici 46,6% təşkil edərdi).
Bunun 1,855 milyard manatını Dövlət Neft Şirkəti (SOCAR) ödəyib. SOCAR proqnozdan 30 milyon artıq ödəniş həyata keçirib.
Rövşən Ağayevin sözlərinə görə, əvəzində xarici neft konsorsiumu proqnozdan təxminən 24 milyon manat az vergi ödəyib. Belə ki, 2014-cü ilin büdcə qanununa görə, xarici neft konsorsiumu 977 milyon manat ödəməliydi. Lakin faktiki ödəniş 951.9 milyon manat təşkil edib.
Ümumilikdə isə, SOCAR-ın proqnozdan artıq ödənişləri sayəsində neft sektoru vergi öhdəliyi üzrə proqnoza təxminən 4 milyon manat artıq əməl edib.
Bütün bunları nəzərə alsaq, neft sektorunun Azərbaycanın 2014-cü ilin dövlət büdcəsinin gəlir hissəsindəki faktiki xüsusi çəkisi 68,8% təşkil edib.
Qeyd edək ki, son rübdə neftin qiymətinin kəskin enməsi xarici neft konsorsiumunun vergi ödəmələrinə öz təsirini göstərib. 2013-cü ilin IV rübündə Konsorsium 305.7 milyon vergi ödəmişdi. Amma 2014-cü ilin IV rübündə həmin məbləğ 148.1 milyon manat təşkil edib. Təbii ki, bu da neftin dünya bazarında qiymətlərinin kəskin azalması ilə bağlıdır.
* 1 yanvar 2015-ci il tarixinə Azərbaycan Respublikasında vergi ödəyicilərinin sayı 609 742 təşkil edib.
** 2014-cü ildə Azərbaycan Respublikası dövlət büdcəsinin daxilolmaları 18,4 mlrd manat təşkil edib. Bunun 9,3 mlrd manatı Neft Fondu hesabına, 1,6 mlrd manatdan çoxu isə Dövlət Gömrük Komitəsinin köçürmələri hesabına həyata keçirilib.