Neftin dünya bazarlarında qiymətləri iyun ayının üçüncü ongünlüyündən enməkdədir. Artıq Brent markalı neft London birjasında 50 dollardan bir qədər baha satılır. Bu, 6 il əvvəl neftin satış qiymətlərinə bərabər bir dəyərdir. Son 6 ayda neft 56% ucuzlaşıb.
Ancaq belə görünür ki, neft ucuzlaşmaqda hələ davam edə bilər və neft çəlləyinin “qaranlıq dibi” görünmür ki, görünmür. Bəs neftin belə ucuzlaşması fonunda Azərbaycanda hasil edilən “qara qızılın” maya dəyəri onun rentabelli istehsalına imkan verirmi?
Neft Araşdırmaları Mərkəzin Caspian Barrel-in rrəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycanda 2 böyük hasilatçı var: BP-Azərbaycan və SOCAR.
“Azərbaycanın ixracatının 86%-ni neft təşkil edir, ancaq onun təqribən 82%-i “BP-Azərbaycan” şirkətinin payına düşür, bu baxımdan da geniş auditoriyanı hədəf kimi “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır”, deyə İlham Şaban bildirir.
Onun sözlərinə görə, ACG-dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri ümumilikdə hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər 15 dollar və bir qədər artıq olur məsafədən asılı olaraq.
“Ona görə də bu baxımdan neftin qiymətinin hətta 20 dollara düşməsi belə Azərbaycanın əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib çıxara bilməz, ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur: qazanılan vəsait demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəriru kapital qoyuluşlarına sərf edilir”, – deyə ekspert izah edir.
O ki, qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildiri ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib. 2013-cü ilin yekunlarına görə 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil etmiş vә 2012-ci
ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4% artmışdır. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il orta hesabla 11-12% ətrafında artıb.
SOCAR-ın neftinin maya dəyərinin armasının obyektiv səbəbləri var: əvvəla Şirkətin yataqlarının böyük əksəriyyəti “qoca” yataqlardır, onlardan hasil edilən neft ildən ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönümündə proqram tərtib etmiş və dənizdəki iri yataqlarında 200-dək quyunun qazılması yönümündə işlərə başlamışdır. Bu, artıq bəhrəsini ötən ilin göstəricilərində verdi: “Azneft” hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdirdir ki, neftin maya dəyərinə təsir edir. Baxmayaraq ki, şirkət 2 ildir ştat cədvəlində xeyli azalmaya nail olub.
“Bu hesabla 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır”, – deyə İlham Şaban vurğulayıb.
Ancaq SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır. Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə alsaq, və bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, portlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır, onda təqribən bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. “Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals) adətən Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur”, deyə İlham Şaban məsələnin incəliklərini açıqlayıb.