Türkmənistan hökümətindən verilən məlumata görə,ölkənin 5-ci çağırış məclisinin 6-cı sessiyasında yeraltı sərvətlər haqqında qanun qəbul edilib.
Bu qanun geoloji öyrənilmə,mineral ehtiyatların istifadəsi və qorunması,mineral sərvətlərin hasilatı zamanı yaranan münasibətləri tənzimləyir və ölkənin mineral resurs bazasının genişlənməsinə,həmçinin dövlətin və vətandaşların dağ-mədən sənayesində maraqlarının qorunmasına yönəlib.
Xəbərdə deyildiyi kimi,qanun beynəlxalq hüququn hamılıqla tanınmış normaları,iqtisadi və ekoloji siyasətin mühüm prinsipləri nəzərə alınmaqla hazırlanıb.
Millət vəkilləri qeyd edirlər ki, “hər şeydən öncə qanun ölkəmizin zəngin təbii ehtiyatlarından səmərəli istifadəni təmin etmək və onları gələcək nəsillər üçün qoruyub saxlamağa hesablanıb.”
Türkmənistan dünyada təbii qaz ehtiyatlarına görə 4-cü yeri tutur və yeni bazarlar axtarır.Əgər Avropa istiqaməti haqqında danışsaq,onda Türkmənistan qazının Türkiyə üzərindən Avropaya ixracı üçün ən optimal marşrut Xəzər dənizindən Azərbaycan sahillərinə 300 km-lik boru xəttinin çəkilməsi olardı.