Türkiyənin DHA xəbər verir ki,Trans Anadolu qaz boru kəməri konsorsiumu boru kəmərin tikintisini aparacaq podratçı şirkətləri müəyyənləşdirib.
Tenderin qalibləri “Fernas İnşaat”, “Sicim-Yüksel-Akkord” konsortsiumu və “Tekfen Holding” şirkətləri olub.
TANAP layihəsi “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyə ərazisindən Avropaya çatdırılmasını nəzərdə tutur.
İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Gələcəkdə kəmərin gücünün 31 milyard kub metrə qədər artırılması nəzərdə tutulur.
Avropa üçün nəzərdə tutulan qaz TAP boru kəməri vasitəsilə nəql olunacaq və kəmər 2020-ci ildə istismara veriləcək.
TANAP layihəsinin dəyəri 11.8 milyard dollar qiymətləndirilir.
Hüquqi rəsmiləşdirmə başa çatdıqdan sonra TANAP konsorsiumunun səhmdarları aşağıdakı şirkətlər olacaq – SOCAR – 58%, BOTAŞ – 30% və BP – 12%.