2015-ci il yanvarın 1-dən iki NEZ-in – “Azərneftyağ” və Heydər Əliyev adına zavodun birləşdirilməsi kütləvi ixtisarlara səbəb olmayacaq. Bu barədə SOCAR-ın kadr, informasiya texnologiyaalrı və rejim üzrə vitse-prezidenti Xaliq Məmmədov bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ixtisar yalnız rəhbər heyətə toxunacaq.
X.Məmmədov qeyd edib ki, dəyişiklik Dövlət Neft Şirkətinin strukturlarının və idarələrinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Əsasən çoxmərhələli idarəçilik sistemindən daha çevik olan birmərhələli sistemə keçilir. “Bundan sonra neft emalı bir mərkəzdən idarə olunacaq”, – deyə o bildirib.
Hazırda “Azərneftyağ” idarəetmə aparatında 198, Heydər Əliyev NEZ-də 200 nəfər ə yaxın insan çalışır.
Öz növbəsində SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov Turan-ın sualının cavabında 2017-ci ildən “Azərneftyağ” zavodunun bağlanacağı barədə fikirləri təkzib edib. Onun sözlərinə görə, bu məsələyə baxılmır. O bu cür fikirləri reallıqdan uzaq və subyektiv fikir adlandırıb.
“Azneftyağ” zavoduna tələbat qalır, çünki orada bitum, yağ, sürtkü yağı istehsal edilir”, – deyə o bildirib.
Hər iki NEZ ən azı 2030-cu ilədək – Qaradağ rayonunda yeni neft emalı kompleksi istismara verilənə qədər öz fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, hazırda “Azərneftyağ” zavodunda cəmi 2038 nəfər çalışır.