Bakı Ali Neft Məktəbi və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilmişdir.
Rektor Elmar Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının
SOCAR-ın fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırmış, şirkətin uğurlarından, həyata keçirdiyi beynəlxalq layihələrdən söz açmış, BANM-nin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi nailiyyətlər, gələcək planları, perspektivləri və tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat vermişdir.
ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov “ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda qeyd olunmuşdur ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində 100-dən artıq ölkədə fəaliyyət göstərir. 145.000 nəfərdən artıq işçisi olan şirkət 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif edir.
Tədbirdə iştirak edən Böyük Britaniya Baş nazirinin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda Ticarət məsələləri üzrə elçisi, parlamentin üzvü Çarlz Hendri professor-muəllim heyəti və tələbələr qarşısında çıxış edərək Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışmış, tələbələrin çoxsaylı suallarını cavablandırmışdır. BANM-in rektoru E.Qasımov Ç.Hendrini Ali Məktəbin “Fəxri qonaq” diplomu ilə təltif etmişdirdir.
Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışmışdır. Tədbirdə Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Paskal Abişer iştirak etmişlər.