OPEK-in dünən neft hasilatını aşağı salamamq barədə qəbul etdiyi qərardan sonra dünya bazarlarında “qara qızılın” qiymətində kəskin ucuzlaşma baş verdi. Bu gün səhər neftin qiyməti 71,26 dollara qədər ucuzlaşsa da, artıq axşama doğru bir qədər itirilmiş mövqelərini bərpa edib və hazırda 72 dollardan baha satılır.
Ancaq bununla belə Amerika neft analitiklərinin proqnozlarına inansaq, neft cari ilin sonunda 70 dollara qədər ucuzlaşacaq, artıq 2015-ci ilin ilk rübündə onun orta qiyməti 65 dollara, ilin ortasına isə 60 dolara qədər ucuzlaşa bilər.
Belə olan şəraitdə neft şirkətləri özlərinin hasilat layihələrinə korrektə edə bilərlərmi?
Əlbəttə bu mümkündür. Ancaq neftin ucuzlaşması o hasilat layihələrinə aid edilə bilər ki, bunlar ya şist yataqlardan hasil edilsin, ya da neftin çətin çıxarıla biləcəyi yataqlara aid olsun. Sonuncuya geoloji, coğrafi, iqlim, infrastruktur və digər səbəblər də daxil olmaqla neftin hasilatı zamanı qarşılaşan problemlərin həllini aşmaq gəlir ki, bu da əlavə xərclər tələb edir. Adətən belə yataqlarda neftin maya dəyəri bir barel üçün 50 dollardan az olmur. Ona görə də neftin qiymətdən düşməsi belə yataqlarda hasilata fasilə verilməsinə gətirib çıxarır. O cümlədən də çist yataqların aşağı qiymət problem var. Amerikada texnoloji nailiyyətlərə baxmayaraq şirkətlər hesab edirlər ki, bazaar çıxarmaq üçün nəqliyyat xərclərini də hesablamaqla 50 dollardan baha bir qiymət lazımdır ki, istehsal kommersiya baxımından səmərəli olsun.
Rusiyanın 1 N-li özəl şirkəti olan LUKoil-un vitse-prezidenti Leonid Fedun jurnalistlərə bildirib ki, “bizim hasilat neftin qiyməti 25 dollar səviyyəsində belə gəlirlidir”. Onun sözlərinə görə, buna Rusiyanın mövcud vergi qanunvericiliyi şərait yaradır, çünki aşağı qiymətlər zamanı ixrac vergisi də minimum enir.
Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin isə bildirib ki, onlar neftin 60 dollar səviyyəsinə belə hazırdırlar. “Bizim hasil etdiyimiz neft demək olar ki, dünyanın ən ucuz neftləri sırasındadır – bareli 4 dollara başa gəlir”, deyə Seçin bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Qavar” (Ghawar) yatağında hasil edilən neftin maya dəyəri vaxtilə 1 dollar olub. Hazırda isə 2 dollardan çox deyil.
Azərbaycanın 1 N-li neft hasilatçısı “BP-Azərbaycan” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil etdiyi əmtəəlik xam neftin 1 barelinin qiyməti 5 dollardan bir qədər baha dəyərləndirilir.
Caspian Barrel-in apardığı araşdırmalara görə, quyu ağzında “Azəri-Çıraq-Günəşli”dən hasil edilənneftin qiyməti təqribən 3,8 dollardır (10 il əvvəl bu rəqəm 2 dollara da çatmırdı, dünyada ofşor nefti üçün ən ucuz qiymət adı qazanmışdı). Ancaq neftin ilkin olaraq sudan, qumdan təmizlənməsi, sonra sualtı boru kəmərləri ilə sahilyanı Səngəçal terminalına ötürülməsi, orada təkrar emal edilərək çənlərə yığılaraq əmtəəlik hala gətirilməsi (ixrac boru kənərinə vurulma) xərclərini də nəzərə alanda maya dəyəri artır.
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 barel neftin daşıma xərcləri BTC Co. səhmdarları üçün təqribən 6,5 dollara başa gəlir.
Bu baxımdan hazırda Azərbaycanın xam neftinin təqribən 80%-ni dünya bazarına çıxarmaq hər barel üçün 12 dollara başa gəlir.