Xüsusi xəbərlər

SOCAR Avropada TAP əleyhinə Rusiyanın apardığı kampaniyadan danışdı

italyano

Rəsmi Bakı və Moskvanın münasibətlərinin istiləşdiyi bir zaman belə bir açıqlama qəribə görünə bilər

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Azərbaycan qazının Avropaya nəqli üçün çəkiləcək TAP boru kəmərinə qarşı İtaliyada aparılan təbliğatın arxasında Moskvanın dayandığına eyham vurub.

Virtualaz.org saytı xəbər verir ki, E.Nəsirov İtaliyanın “L’Espresso” qəzetinə müsahibəsində bu kəmərin ekologiyaya təhlükə olduğu barədə deyilənlərin əsassız olduğunu bildirib.

“İtaliyada Adriatik dənizinin altından çəkiləcək və nəticədə bizim qazımızı Apuliya yarımadasına çıxaracaq boru kəmərinin ekoloji fəsadlarından narahatdırlar? Bu narahatlıqların əsassız olmasının ən yaxşı sübutu odur ki, indiyə qədər Xəzərin nərə balıqlarının seksual həyatı nə quyulardan, nə də boru kəmərlərinin yırğalanmasından təsir görməyib” – deyə E.Nəsirov ironiya ilə bildirib.

Qəzet yazır ki, vaxtilə Rusiyada işləmiş eks-diplomat Nəsirov Azərbaycan qazını İtaliya üzərindən Avropaya çıxaracaq qaz kəmərinin taleyinin bu cür zarafatla həll edilmədiyini bilir. Çünki azərbaycanlılar ölkənin gələcəyi üçün qazın Avropa bazarına çıxarılmasının nə dərəcədə mühüm olduğunu nəzərə alırlar. Ancaq bu səylər Avropanın iri qaz təchizatçısı olan “Qazprom”un maraqları ilə toqquşur.

Hazırda İtaliyanın Adriatik dənizi sahillərindəki Apuliya yarımadasının yerli hakimiyyəti TAP kəmərinin bu ərazilərdən keçməsinə qarşı çıxır.  Həmçinin yerli ekoloqlar və bəzi italiyalı siyasətçilər TAP-a qarşı təbliğat aparır. Baxmayaraq ki, İtaliya hökuməti artıq kəmərin marşrutunu təsdiq edib.

“Doğrudur, Avropaya ildə 154 milyard kubmetr qaz ixrac edən “Qazprom”dan fərqli olaraq Azərbaycan bu kəmərlə ildə cəmi 10 milyard kubmetr qaz nəql edəcək. Lakin ona da heç bir şübhə yoxdur ki, azərbaycanlıların Qərbə istiqamət götürməsi Moskvanın qətiyyən xoşuna gəlmir” – qəzet qeyd edir.

“L’Espresso” xatırladır ki, SOCAR İsveçrədə yanacaqdoldurma məntəqələrinə malik şirkəti alıb, habelə Yunanıstanın enerji sisteminə nəzarət edən DESFA-nın səhmlərini, DEPA şirkətinin törəməsi “Enel”i əldə edib. Bu arada ruslar Avropaya TAP-la eyni vaxtda “Cənub axını” kəməri ilə çıxmaq istəyirlər.

Elşad Nəsirov isə deyir ki, “Cənub axını” Avropaya daha çox qaz nəql etməyə imkan versə də yeni mənbə deyil: “Digər tərəfdən, Azərbaycan 90 faiz enerjidaşıyıcılarının ixracından asılıdır, onun iqtisadi artımı faydalı qazıntı yataqlarının istismarı ilə sıx bağlıdır”.

SOCAR vitse-prezidenti keçmiş italiyalı şoumen, hazırda “5 Star” adlı siyasi hərəkata başçılıq edən və parlamentdə 23 faizlik fraksiyası olan Beppe Qrillonun TAP əleyhinə çıxışlarına şərh verib.

“Mən ancaq onu deyə bilərəm ki, TAP-ı dəstəkləməyən Beppe Qrillo Rusiya qəzetlərindən birinə müsahibəsində deyib ki, SOCAR-ın İtaliyadakı çəkisini azaltmaq üçün mümkün olan hər şeyi edəcək. Ancaq o, heç kimə demir ki, biz bu gün sizin ölkənizdə heç alışqan doldurmağa da qaz satmırıq. Başqa sözlə, TAP-a qarşı təbliğat sonda Moskvanın xeyrinədir” – deyə Nəsirov bildirib.