SOCAR-ın Muzey işinin təşkili şöbəsi Xəzər Universitetinin Birinci Beynəlxalq neft və qaz Yay məktəbinin təşəbbüsü ilə Muzey eksponatlarının saxlanılması və bərpası Mərkəzinə geniş ekskursiya təşkil eedib.
SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, ekskursiyada Bakının ali məktəblərinin, o cümlədən Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri ilə yanaşı Yay məktəbinin xarici dinləyiciləri – polşalı və fələstinli tələbələr də iştirak etmişlər.
Tələbələr muzeyin eksponatları ilə tanış olmuş, Azərbaycan neft sənayesinin tarixi, Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat almışlar. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti ilə bağlı interaktiv rəqəmsal ekspozisiya da nümayiş etdirilmişdir. Tələbələrin böyük marağına səbəb olmuş ekskursiya zamanı onları maraqlandıran çoxsaylı suallara peşəkar səviyyədə ətraflı və müfəssəl cavablar verilmişdir.
Sonda Birinci Beynəlxalq neft və qaz Yay məktəbinin təşkilatçı və iştirakçıları yüksək səviyyədə təşkil edilmiş ekskursiyaya görə təşəkkürlərini bildirmiş və gələcəkdə də belə tədbirlərin keçirilməsini arzu etmişlər.