Türkiyənin neft-kimya sənayesində yeganə xammal istehsalçısı olan “Petkim” şirkəti 2014-cü ilin birinci yarısında 55 milyon türk lirəsi (TL) həcmində təmiz gəlir əldə etmişdir.Bu ötən ilin analoji dövrünün göstəricisindən 10 dəfə çoxdur.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, “Petkim” ötən ilin birinci yarısında 5 milyon TL mənfəət əldə etmiş, ilin sonunda isə bu rəqəmi 49 milyona çatdırmışdı.
Bu ilin ilk altı ayı ərzində “Petkim”də istehsal 6% artaraq, 1 milyon 471 tona yüksəlmişdir. Şirkətin istehsal gücünün istifadə əmsalı 9 bənd yüksələrək, 90%-ə çatmışdır.
“Petkim”in baş direktoru Sadəddin Qorqud neft-kimya bazarında şirkətin məhsullarına tələbatın artdığını bildirmişdir. Bunu nəzərə alaraq etilen və PTA fabriklərində məhsuldarlığın artırılması, istehsalın illik həcminin 3,2 milyon tondan 3,6 milyon tona çatdırılması planlaşdırılır. Yeni istehsal güclərinin yaradılması istiqamətində işlər də uğurla gedir.
Gələn il istifadəyə veriləcək “Petlim” konteyner limanı logistika sahəsində gəlir gətirməyə başlayacaq. İlk fazası 2015-ci ilin sonunda işə salınacaq külək elektrik stansiyasının isə enerji istehsalı və çeşidliliyi artıracağı nəzərdə tutulur.