Mən Azərbaycan hökumətində keçirdiyim görüşlər zamanı SOCAR-ın qaz, o cümlədən LNG ticarəti sahəsində dünya liderinə çevrilmək niyyətində olduğunu eşitmişəm. Biz SOCAR-ı Baltikyanı regionunun da oyunçusu kimi görürük. Bu fikirləri Litvanın enerji naziri Yaroslav NEVEROVİÇ “Region+” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin LNG (mayeləşdirilmiş təbii qaz) sahəsində də biznesi inkişaf etdirmək niyyəti hiss olunur. Biz düşünürük ki, bu sahədə də əməkdaşlıq imkanları var. Amma bu sahədə danışıqları şirkətlər aparmalıdırlar. Bu imkanlar maddiləşərsə, o zaman bu haqda daha detallı danışmaq olar.
Enerji sahəsində əməkdaşlığa gəlincə, Azərbaycanın enerji müəssisələri artıq qlobal bazarın oyunçularına çevriliblər. Onlar Aİ ərazisindəki boru xətləri – TAP və TANAP-la bağlı ciddi investisiya qərarları qəbul ediblər. Bu, çox ciddi strateji qərarlardır və Azərbaycan şirkətlərinin niyyətlərini ortaya qoyur.
“Hazırda Klaypeda limanında 2 neft terminalı fəaliyyət göstərir. Onların ümumi illik gücü 12 milyon tona çatır”, – deyə nazir bildirib.
Neft və neft məhsulları biznesinin iqtisadiyyatının əsasını təşkil etdiyi Azərbaycan kimi dövlət üçün Klaypeda limanının imkanları maraq doğurmaya bilməz. Bu strateji məkandır və son 3 ildə liman infrastrukturuna yatırılan investisiyalar hesabına orada yükdaşımaların həcmi xeyli artıb. Bu üzdən, limanın gücü, xüsusilə də başqa ölkələrin yüklərinin – neft məhsulları, konteynerlər, “ro-ro” tipli gəmilər və s. daşınması imkanı artıb.
Hesab edirəm ki, Azərbaycan şirkətləri üçün Klaypeda dərinsulu limanında, Klaypeda azad iqtisadi zonasında və Baltika Logistika Mərkəzində həyata keçirilən layihələrə investisiya yatırmaq maraqlı gələ bilər. Onlar üçün Litva ilə Azərbaycanın işgüzar tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi və Klaypeda limanının imkanlarından Azərbaycan yüklərinin daşınmasında istifadə olunması da maraq kəsb edə bilər.