Azərbaycan hökumətinin nümayəndə heyəti Türkiyədə Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsi üzrə işlərin gedişi ilə tanış olub. Bu barədə TANAP konsorsiumunun bazar ertəsi yaydığı məlumatında deyilir.
Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin daxil olduğu nümayəndə heyəti Ankarada birgünlük səfərdə olub.
“Səfər zamanı nümayəndə heyəti TANAP layihəsinin baş direktoru Saltuk Düzyolla görüşüb və bu layihənin reallaşdırılması ilə bağlı proseslərə dair məlumat əldə edib. Qeyd edilib ki, layihə üzrə işlər müəyyən olunan plan üzrə həyata keçirilir və beləliklə, qaz kəməri vasitəsilə ilk qaz 2018-ci ildə nəql olunacaq”, – deyə məlumatda bildirilir.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2014-cü ilin noyabr ayına kimi TANAP qaz kəmərinin tikinti layihəsi üzrə bütün tenderlərin başa çatdırılması planlaşdırılır. Qaz kəmərinin tikintisinə 2015-ci ildə başlanılacaq.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) – 58%, BP – 12%, BOTAS – 30%.
Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. QSC-nin nizamnamə kapitalı $100 mln. təşkil edir.
QSC-nin Müşahidə Şurasının tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxildirlər.
QSC-nin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı 51% təşkil edəcək.