Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin birinci rübündə artıq Yunanıstanda praktik fəaliyyətə başlamaq üçün bütün prosedurları başa çatdırmalı idi. Ancaq bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana rəsmi səfəri çərçivəsində belə SOCAR və DESFA şirkərləri arasında olan sövdələşmə qabardılmadı. Bəs məsələ niyə yubanır? Ortada nə kimi həllini tapmayan problemlər çıxıb?
Caspian Barrel-in hökumət qaynaqlarından əldə etdiyi məlumatlara görə, 2013-cü il dekabrın 21-də SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir.
“Məsələnin yubanmasının əsas səbəbi də bu imzalanmış sənədlərin hələ də Avropa Komissiyasının müvafiq qurumları tərəfindən təsdiqlənməməsidir. Problemin həlli isə Yunanıstan ilə Avropa Birliyi arasında münasibətlərdən gedir, burada Azərbaycanın qarışacağı elə bir məsələ yoxdur”, deyə Caspian Barrel-in həmsöhbəti bildirib.
Qeyd edək ki, SOCAR 2013-cü ilin iyununda Yunanıstan hökumətinin keçirdiyi açıq beynəlxalq tenderin qalibi elan edilmişdi. SOCAR “DESFA” şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üçün 400 milyon avro təklif etmişdi.