SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-may aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 423,644 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 35,4% azalıb.
2014-cü ilin may ayında SOCAR Novorossiysk limanından 84,832 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton).
2014-cü il fevralın 18-də SOCAR və “Transneft” arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Müqavilə 2014-cü ilin sonuna qədər olan müddət üçün nəzərdə tutulub.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.