Mayın 27-də SOCAR prezidenti Rövnəq Abdullayev Malaziyanın PETRONAS şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Qonaqları salamlayan SOCAR prezidenti PETRONAS şirkətinin nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. Azərbaycanın dünya neft sənayesinə verdiyi töhfələrdən söz açan R. Abdullayev son illər ölkəmizin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkədə və xaricdə həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.
PETRONAS şirkətlər qrupunun prezidenti Tan Sri Dato Shamsul Azhar Abbas Bakıya səfərindən məmnunluğunu ifadə etmiş və səmimi qəbul üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirmişdir. Bildirilmişdir ki, SOCAR və PETRONAS arasında əməkdaşlıq bir neçə ildir gerçəkləşdirilir, amma şirkət rəhbərlərinin görüşü ilk dəfədir baş tutur. Təmsil etdiyi şirkətlə SOCAR-;n əməkdaşlığının genişlənməsində maraqlı olduqlarını bildirən PETRONAS prezidenti Azərbaycan şirkətinin regionda gerçəkləşdirdiyi layihələrdən xəbərdar olduqlarını və bu layihələrdə birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Qonaq əmin olduğunu bildirib ki, əvvəlki illərdə olduğu kimi 2014-cü il və sonrakı illərdə də SOCAR-;n Azərbaycanda, eləcə də ölkə xaricində həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından dinamik keçəcək, uğurlu olacaq.
SOCAR-la PETRONAS arasında müxtəlif layihələrdə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlardan danışan Rövnəq Abdulayev qlobal layihələrdə birgə işləməkdə maraqlı olduqlarını söyləmişdir. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.