Xüsusi xəbərlər

“Şahdəniz” və TANAP üzrə sənədlərin imzalanması Azərbaycan və Türkiyə üçün vacib hadisədir

TANAP-maketTPAO və “Total Azerbaijan” şirkətləri arasında qazın alqı-satqısı haqqında müqavilənin imzalanması Türkiyəyə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsində və Cənubi Qafqaz qaz kəmərində iştirak payını 9-dan 19 faizədək artırmağa imkan verib. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev imzalanma mərasimində deyib.

Bu gün, həmçinin İstanbulda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində ARDNŞ-nin ümumi payının 10 faizinin alqı-satqısı haqqında Türkiyənin BOTAŞ Dövlət Boru Kəməri Şirkəti ilə sənədlər, eləcə də BOTAŞ və TANAP arasında qazın nəqli üzrə saziş imzalanıb.

R.Abdullayevin sözlərinə görə, “Şahdəniz”in işlənməsi layihəsi və TANAP layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyəyə böyük gəlirlər gətirəcək.

Azərbaycanın energetika naziri Natiq Əliyev imzalanma mərasimində bildirib ki, sənədlərin imzalanması Azərbaycan-Türkiyə münasibətləri tarixində yeni vacib hadisədir. İmzalanmış sənədlər arasında ən vacibləri Türkiyənin “Şahdəniz” layihəsində və Cənubi Qafqaz qaz kəmərində, eləcə də TANAP layihəsində payının artmasıdır.

Onun sözlərinə görə, 45 milyard dollar həcmində investisiya tələb edən “Cənub Qaz Dəhlizi” layihəsi və onun tərkib hissəsi olan TANAP Xəzər və Aralıq dənizi regionlarının ən iri enerji layihələridir.

Nazir qeyd edib ki, tikintisi 2015-ci ilin aprelinə nəzərdə tutulan TANAP minlərlə yeni iş yerinin açılmasına töhfə verəcək, tədarüklər üzrə əməliyyatlar isə Türkiyəyə böyük mənfəət və gəlirlər qazandıracaq.

N.Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropaya karbohidrogen tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək.