ANS TV-nin yayadığı xəbərə görə, Bakı Şəhər icra hakimiyyəti “İveco Frans” şirkəti ilə dəyəri 50 mln avro olan müqavilə imzalayıb. Müqaviləyə əsasən, gələn ilin bu zamanınadək ictimai nəqliyyatda istifadə olunmaq üçün 151 sərnişin avtobusu alınacaq.
Bu sazişin maraqlı tərəfi odur ki, avro-4 standartlarından aşağı olmayan bu avtobusların mühərrikləri (Iveco Cursor 8 CNG) maye qazla işləməyə imkan verəcək.
Bir qədər əvvəl SOCAR vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə məlumat vermişdi ki, Dövlət Neft Şirkəti və “Mayeqaz” özəl şirkəti ilə birgə müəsisə təsis ediblər. Məqsəd isə daxili bazarda neft məhsullarının azaldılması yönümündə optimallaşmaya nail olmaqdır. Belə ki, ictimai nəqliyyatın və sonradan kommersiya nəqliyyatının da etap-etap maye qaza keçməsi həm daxili bazarda neft məhsullarının stabil istehlakını qoruyub saxlayar, eyni zamanda avtomobillərin sayının artdığı zaman paytaxtda ekoloji durumun sağlamlaşdırılmasına töhvə vermiş olardı.
Caspian Barrel-apardığı araşdırmalar isə onu göstərdi ki, maye qazdan istifadə zamanı eyni məsafəni benzinlə işləyən avtomobillərlə müqayisədə 12-13% yanacağa qənaət etmək mümkündür. Belə ki, metanın oktan ədədi benzinlə müqayisədə kifayət qədər yüksəkdir və 117-ə çatır. Bu isə o deməkdir ki, mühərrikdə porşenlərə gərginliyi azaldır. Həmçinin qazın yanma prosesi benzin və ya dizellə müqayisədə daha mükəmməl getdiyindən demək olar ki, çıxışda ətraf mühitə atılan zəhərli maddələrin müqdarı kifayət qədər az olur. Bu da ekoloji baxımdan əsasən də meqapolislər üçün böyük əhəmiyyət daşıyır.
İkincisi, ötən ilin dekabrında olan qiymət artımının nəticələri göstərdi ki, artıq əhalidə ona bir alışma var və 2014-cü ilin yanvar-aprel ayında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 13% aşağı düşüb. Yəni avtomobillər yenə gətirilir kifayət qədər sayda və gətirilən avtomobillərin hərəkəti üçün də yanacaq lazımdır. Ölkənin imkanları və SOCAR-ın neft emalı zavodlarında apardığı işlər ona imkan verir ki, yaxın zamanlarda daxili bazarda problemsiz vətəndaşlar neft məhsulları ilə təmin olunsunlar. Ancaq söhbət bunun uzun müddətliyindən və iqtisadi səmərəliliyindən gedir.
Bazarda daha effektiv nəticələr əldə etmək üçün böyük həcmdə gündəlik yanacaq işlədən ictimai və sonradan isə kommersiya nəqliyyatının da maye qaza keçirilməsi ilə dizel yanacağı sahəsində daxili bazarda kifayət qədər qənaətə nail olmaq olar. Əvəzində qənaət edilmiş yanacaq xarici bazara çıxarılar ki, bundan da SOCAR-ın gəlirləri artar.