Azərbaycan 2014-cü ilin I rübündə 3 mlrd. 79 mln. 66,2 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,3% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə vergi bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı 1 mlrd. 1 mln. 97,22 min kubmetr ($175 mln. 804,07 min) təşkil edib. Yəni hesabat dövründə 1000 kub metr qazı Azərbaycan orta hesabla $175,6-dan ixrac edib.
Qeyd edək ki, hazırda Azərbaycan qazı SOCAR tərəfindən kommersiya müqavilələri əsasında yalnız Rusiya və Gürcüstana ixrac edilir. İran edilən ixrac isə swap tipli müqavilə nəticəsində Naxçıvan Muxtar Respublikasına göndərilən qazın tranzitindən yaranır. “Şahdəniz” konsorsiumu tərəfindən isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə Gürcüstan və Türkiyəyə edilən ixrac həcmləri isə DGK-də sayğaclarda qeyd edilsə də, vergi bəyannamələri üzrə rəsmiləşdirilmir.