SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin aprel ayında 7 min 141 ton dizel yanacağı, 524 ton təyyarə yanacağı və 14 min 318 ton vakuum qazoylu ixrac etmişdir.
Ümumilikdə, 2014-cü ilin yanvar-aprel ayları ərzində 383 ton avtomobil benzini, 250 min 104 ton dizel yanacağı, 35 min 467 ton təyyarə yanacağı və 48 min 766 ton vakuum qazoylu ixrac edilmişdir ki, bunların da cəmi 334 min 720 ton olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft məhsullarının ixracı 16,87% azalıb.
2014-cü ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 1008,13 dollar, təyyarə yanacağının – 942,11 dollar, dizel yanacağının – 895,21 dollar təşkil etmişdir.
Caspian Barrel bildirir ki, neft məhsullarının azalması Azərbaycanda artıq 5 ildən çoxdur ki, müşahidə olunan bir hadisədir. Bu da obyektiv səbəblərdən baş verir. Belə ki, 2007-ci ildən başlayaraq Azərbaycana avtomobillərin idxalının kəskin artımı müşahidə olunmağa başlamışdır. Avtomobillər isə yanacaq tələb edir. Bu səbəbdən də daxili bazarda hər il orta hesabla 9-10 faiz yanacağa olan tələbat artımı baş vermişdir. Nəticədə 2013-cü ilin yekunu olaraq Azərbaycanda istehsal edilən benzin demək olar ki, ancaq daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Bu baxımdan, cari ildən neft məhsullarının ixracatı statistikasındakı azalma əsasən ölkənin yanacaq bazarındakı vəziyyətlə əlaqədardır və orta perspektivdə yeni neft emal müəssisəsinin istifadəyə berilməsinə qədər bu tendensiyanın yalnız stabilləşməsinə ümid etmək olar.