SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ABŞ-da SOCAR-ın fəaliyyəti və “Cənubi Qaz Dəhlizi” mövzusunda bir neçə təqdimatla çıxış edib.
Vaşınqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində keçirilən təqdimatda ABŞ-ın hökumət rəsmiləri, görkəmli elm xadimləri və energetika sahəsində tanınmış ekspertlər iştirak ediblər.
Bəylərbəyov “Cənubi Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulamış, onun Cənubi Avropadakı birləşdirici boru kəmərləri üçün katalizator qismində oynaya biləcəyi roldan danışıb.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini həmçinin Hyustonda aparıcı işgüzar dairələrin nümayəndələri və hökumət rəsmiləri üçün enerji sənayesinin əsas forumlarından biri sayılan “CERAWeek” çərçivəsində də eyni mövzuda təqdimat keçib. Bundan əlavə Bəylərbəyov “Şahdəniz-2” layihəsinin işlənilməsi üzrə BP şirkətinin vitse-prezidenti Al Kuk, Corctaun Universitetinin mühazirəçi-professoru Brenda Şaffer və Harvard Universitetinin Bostondakı Kennedi məktəbinin energetika layihəsinin geosiyasət üzrə direktoru Meqan O`Sulivanla birlikdə Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəçilik Məktəbində “Cənubi Qaz Dəhlizi” mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirə zamanı layihənin seçilməsi metodologiyası təqdim olunmuş və dünya miqyaslı layihənin enerji siyasəti üçün daşıdığı önəm haqqında danışılıb.
Bu haqda SOCAR mətbuat xidməti bu gün məlumat yayıb.