logo

“Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində ümumi məbləği $1,1 mlrd.-dan çox olan podrat müqavilələri bağlayıb

Views: 22

Shahdeiz-3“Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində ümumi məbləği $1 mlrd. 144 mln. olan iki yeni podrat müqaviləsi bağlayıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin (layihənin texniki operatoru) məlumatında bildirilir.

“BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” şirkətlər konsorsiumu ilə iki platforma üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisi haqqında $750 mln. dəyərində müqavilə imzalanıb.

İşlərin həcminə hər birinin uzunluğu 110 metr olan iki ədəd 8 ayaqlı dayaq blokunun tikintisi daxildir. Blokların üzən pontonlarla birgə çəkisi müvafiq olaraq 13400 və 12300 ton təşkil edəcək. Həmçinin ümumi çəkisi 30 min ton olan 2300 sualtı konstruksiya tikilməlidir. Müqavilə üzrə bütün tikinti işləri 2017-ci ildə başa çatdırılmalıdır.

Bu müqavilə çərçivəsində tikinti-quraşdırma işləri H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Bu işlərin həyata keçirilməsi üçün 2750 nəfərin işə cəlb olunacağı nəzərdə tutulur.

Bundan başqa, “Şahdəniz” konsorsiumu “FMC Technologies Inc” ilə sualtı hasilat sistemlərinin tədarükü haqqında $394 mln. dəyərində müqavilə imzalayıb. Müqavilə ilkin mərhələdə iki hasilat kompleksi üçün avadanlıq tədarükünü nəzərdə tutur. Bu komplekslərə sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlər daxildir. Müqavilə üzrə işlər 2017-ci ildə başa çatmalıdır.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz $4,1 mlrd. dəyərində “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.

“Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə planlaşdırılıb. İllik hasilat həcmi 16 mlrd. kubmetr təşkil edəcək. “Mərhələ-2” $28 mlrd. səviyyəsində dəyərləndirilir.

“Mərhələ-2” iki yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını, 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərinin salınmasını, Səngəçal terminalının genişləndirilməsini, əlavə 16 mlrd kubmetr qaz nəqli üçün Cənubi Qafqaz boru magistralının genişləndirilməsini və Avropaya qaz nəqli üçün 4000 km uzunluğa qədər yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart