logo

I rübdə Azərbaycanda neft hasilatı 2,5%, qaz hasilatı 7,8% artıb

Views: 101

Caspian acreage

2014-cü ilin I rübündə Azərbaycanda neft hasilatı 10,562 mln. ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə enerji naziri Natiq Əliyev bazar günü Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.

“Hesabat dövründə respublikada 7 mlrd. 677 mln. kubmetr təbii qaz hasil edilib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 557 mln. kubmetr qaz və ya 7,8% çoxdur”, – deyə nazir bildirib. N.Əliyevin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.

Onun sözlərinə görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı 7 mln. 908 min ton təşkil edib ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur.

“2014-cü ilin yanvar ayında “Qərbi Çıraq” platformasından ilk neft hasil olunub. Platformanın layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 mln. kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 mln. ton neft və 2,8 mlrd. kubmetr qaz hasil ediləcək”, – deyə N.Əliyev qeyd edib.

Ancaq nazirin neft hasilatı ilə bağlı bu optimist çıxışına baxmayaraq cari ildə neft hasilatında kifayət qədər azalma proqnozlaşdırılıb. Bu da obyektiv səbəblərlə bağlıdır. Belə ki, 2014-cü ildə BP şirkəti Mərkəzi Azəri və Qərbi Azəri yataqlarında təmir işləri aparacaq bununla əlaqədar olaraq hasilat bu platformalarda bir aya qədər tam şəkildə dayanacaq. Məhz bu səbəbdən də AÇG blokunda hasilatda ötən illə müqayisədə kifayət qədər enmə olacaq.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (Böyük Britaniya, operator – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanin “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil ” (4,3%), Azərbaycanın SOCAR (11,6461%), Norveçin “Statoil” (8,5633%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən başlanılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart