Aprelin 23-də “Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “bp Exploration” (“Şahdəniz”) MMC arasında sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalanmıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bu müqavilənin imzalanmasının Bakı gəmiqayırma zavodunun istehsal potensialının beynəlxalq miqyasda təsdiqlənməsinin bariz təzahürü olduğunu bildirib.
Sonra BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri Devid Loh müqaviləni imzalayıbar. Müqavilənin qiyməti 378 milyon dollardır.
Onlar görüləcək işlərin beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçiriləcəyini, Azərbaycan iqtisadiyyatında ən müasir və qabaqcıl dünya texnologiyalarının tətbiq olunduğunu vurğulamışlar.
Mərasimdə qeyd edilmişdir ki, artıq bundan sonra Azərbaycan üçün tələb olunan bütün gəmilər məhz bu zavodda tikiləcəkdir. Bütün bunlar son illər respublikamızda həyata keçirilən layihələrdə maksimum yerli işçi qüvvəsindən və yerli şirkətlərin xidmətindən istifadə olunması istiqamətində aparılan işlərin tərkib hissəsidir.
Bildirilmişdir ki, hazırda Xəzər Qazma şirkətinin (CDC) sifarişinə əsasən, yeni üzən qazma qurğusunun pantonları da bu zavodda inşa olunur. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində istifadə olunacaq sualtı tikinti gəmisinin inşaat işlərinin 2017-ci ilin ikinci yarısında tamamlanması nəzərdə tutulmuşdur. Çoxfunksiyalı quraşdırma, elastik sualtı kabel/boruların tikintisinə dəstək və dalğıc işlərini təmin etmək gücünə malik gəmi “Keppel Offshore & Marine” şirkətinin qolu olan “Marine Technology Development” tərəfindən layihələndirmişdir.
Bakı gəmiqayırma zavodu SOCAR (65 faiz ), Azərbaycan İnvestisiya Şirkəti (25 faiz) və “Keppel O & M.” şirkəti (10 faiz) tərəfindən təsis edilmişdir.