2014-cü il aprelin 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 175 mln. tonadək mənfəət nefti satılıb. Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Caspian Energy Forum-dakı çıxışında məlumat verib.
“Artıq 15 ildir ki, “Azəri-Çıraq-Günəşli” yatağı layihəsi iştirakçıları, o cümlədən Azərbaycan mənfəət neftindən gəlir əldə edir.
1999-cı ilin dekabrından Azərbaycan mənfəət nefti ilə dolu tankerlər xarici bazarlara çıxarılıb. Mənfəət neftinin həcmi ilbəil artır. İndiyə qədər “Azəri-Çıraq-Günəşli”dən Azərbaycan 175 mln ton həcmində mənfəət nefti alıb. Təkcə 2013-cü ildə “Azəri-Çıraq-Günəşli”dən hasil olunan 32,7 mln. ton neftin 22,5 mln. tonu, yəni 66,8 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub. Mənfəət neftindən əldə edilən gəlirlər Neft Fondunda toplanır və xalqın yaşayışının yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına sərf olunur”, – deyə, o qeyd edib.
X.Yusifzadə “Əsrin müqaviləsi”nin həm siyasi, həm də iqtisadi əhəmiyyətindən danışıb.
“Bu sazişlə Azərbaycanın müstəqil dövlət kimi etibarlı tərəfdaş olduğunu göstərdi. Bu ölkəyə sərmayə qoyuluşu artdı. Sazişdən sonra daha 32 saziş imzalandı. İqtisadi cəhətdən isə onu qeyd etmək olar ki, neft hasilatı ən aşağı göstəricisi olan 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona yüksəldi.
Başqa sözlə, 5,6 dəfə artdı. Karbohidrogenlərin artması əsasən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına oldu”, – deyə, o qeyd edib.
X.Yusifzadə bildirib ki, 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 mlrd. dollar məbləğində sərmayə qoyulub.
O, “Əsrin müqaviləsi” ilə yeni neft strategiyasının, neft sektorunun müasir təməli qoyulduğunu və bu müddət ərzində mühüm işlər görüldüyünü vurğulayıb.
“Bu gün SOCAR Gürcüstan, Türkiyə, Qazaxıstan və digər ölkələrdə ən müxtəlif layihələr həyata keçirir. Hazırda SOCAR-ın təsisçiliyi ilə yaradılan 36 birgə müəssisə, müxtəlif ölkələrdə törəmə şirkətlər, 13 nümayəndəliklin fəaliyyəti neft-qaz sahələrini əhatə edir. SOCAR 15 ölkənin 25 şirkəti ilə 17 hasilatın pay bölgüsü sazişinin imzalanması ilə Azərbaycanı uğurla təmsil edir”.