“EurActiv” xəbər portalının məlumatına əsasən, martın 27-də Macarıstan və Slovakiyanın təbii qaz şəbəkələri birləşdirilib. Bu, Avropa İttifaqının (Aİ) rus qazından xeyli asılı olan regionda təchizatın təhlükəsizliyini artırmaq üçün gördüyü tədbirlərdəndir.
Budapeştin 28 km şimal-şərqində, Macarıstanın Szada şəhərində iki şəbəkə birləşir. Bu əlaqə axınların qayıtmasına imkan verəcək. Beləliklə, Macarıstan Rusiyadan əlavə, Avropadakı alternativ mənbələrdən də qaz idxal edə biləcək.
İldə 5 milyard kubmetrlik həcmi olan 111 km uzunluğundakı yeni boru kəməri Macarıstanın Veçeş şəhərindən Slovakiyanın “Velke Zlievce” qəsəbəsinədək uzanır və 2015-ci ildən istifadəyə veriləcək.
Xatırladaq ki, işlətdiyi qazın təxminən 80%-ni Rusiyadan alan Macarıstan və macar-slovak əlaqələndiricisi Aİ-nin şərqdən asılılığını azaltmaq üçün nəzərdə tutulan şimal-cənub dəhlizinin bir hissəsidir.
“Bu kəmər gələcəkdə Rusiyanın xaricindən qaz idxalına imkan yaradacaq”, – Macarıstanın baş naziri Viktor Orban mətbuat konfransında bildirib.
Slovak ötürücü sisteminin operatoru “Eustream” martın 27-də bildirib ki, borunun Slovakiyadakı hissəsinin təmiri başa çatıb və artıq qazla doldurulub.
“Ölkələrin iyul ayında yeni kəməri sınaqdan keçirməsi planlaşdırılır”, – Slovakiyanın baş naziri Robert Fiko deyib.
“Eustream” bildirib ki, gələcəkdə kəmər Slovakiyanın Xorvatiyada mayeləşdirilmiş təbii qaz idxalı terminalına çıxışına şərait yarada bilər.
“O, Slovakiyanı planlaşdırılan “Cənub Qaz Dəhlizi”nə və ya Xorvatiyadakı mayeləşdirilmiş təbii qaz terminalına çıxışla təmin edəcək. Macarıstan Qərbi Avropanın qaz şəbəkələrinə yaxınlaşma fürsəti qazanacaq”, – deyə “Eustream” bir bəyanatında qeyd edib.
Moskva-Kiyev mübahisəsi
Xatırladaq ki, 2009-cu ildə Moskva ilə Kiyev arasında qışın ortasında Ukrayna vasitəsilə Mərkəzi və Cənub-Şərqi Avropanın böyük bir hissəsinə qaz axınının dayandırılmasını təmin edən müqavilə bağlanmışdı. Bunun ardınca, Aİ yeni əlaqələrin qurulmasına, infrastrukturun modernləşdirilməsinə diqqət yetirməyə başladı.
Bununla yanaşı, Çex respublikası, Slovakiya, Polşa və Avstriya da daxil olmaqla, mərkəzi və şərqi Avropa ölkələri bir-birilə yeni əlaqələndirici qaz şəbəkələri qurmaq üçün müəyyən addımlar atırlar.
Dəhlizin tamamlanmış hissəsi rus qazının müxtəlif marşrutlarla ötürülməsinə, ya da alternativ təchizatçılarla əlaqə üçün istifadə edilməsinə imkan yaradacaq.
“Təhlükəsizlik aspekti ən önəmlisidir. Bu qaz kəməri Rusiya qazına əlavə çıxış verir”, – Budapeştin “Erste Bank”ının analitiki Tamaş Pletser (Tamas Pletser) deyib. “İndiki mərhələdə bu, idxalımızın diversifikasiyasına gətirib çıxarmayacaq”, – o əlavə edib.
Qeyd edək ki, 5 milyard kubmetr həcmli Polşa-Slovakiya əlaqələndiricisi 2017-ci ildə tamamlanacaq və şimali Polşadan Xorvatiyaya qədər uzanacaq kəmərin bir hissəsi olacaq.
O, Polşanın Baltikdəki yeni mayeləşdirilmiş təbii qaz terminalından və Xorvatiyanın “Krk” adasında inşası nəzərdə tutulan terminaldan təchizatı təmin edəcək.