logo

Berlində “Cənub Qaz Dəhlizi” mövzusunda beynəlxalq konfrans keçirilib

Views: 33

conference_010214Berlində Almaniyanın tanınmış beyin mərkəzlərindən olan Beynəlxalq Əlaqələr üzrə Alman Şurasının (DGAP) təşkilatçılığı ilə “Cənubi Qafqazda enerji təhlükəsizliyi – “Cənub Qaz Dəhlizi” və onun geosiyasi mühiti” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, “BP Avropa” şirkətinin dəstəyi ilə keçirilən konfransda, əsasən, Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin formalaşdırılmasındakı strateji rolu və Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfə müzakirə edilib.

Konfransın açılışında DGAP-nin baş katibi Baron Paul fon Maltsan, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış ediblər.

B.Maltsan DGAP tərəfindən təşkil olunan bu konfransın həm Avropa İttifaqının (Aİ), həm də Azərbaycanın mövqelərinin geniş auditoriyaya çatdırılmasına xidmət etdiyini qeyd edib.

P.Şahbazov nitqində hələ 20 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Azərbaycan və Avropa arasındakı enerji əməkdaşlığının “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə növbəti mühüm mərhələyə daxil olduğunu bildirib. Səfir Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunda ciddi qeyri-sabitlik mənbəyi olduğunu, regional əməkdaşlıq və Aİ ilə enerji tərəfdaşlığının inkişafı üçün də təhlükə yaratdığını bildirib.

Konfransın DGAP-nin prezidenti Eberhard Zandşnayderin moderatorluğu ilə keçən panel müzakirələrinin birinci – “Cənubi Qafqazda enerji təhlükəsizliyi – Geniş Xəzər regiondan baxış” adlı hissəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov məruzə ilə çıxış edib. O, “Şahdəniz-2”-nin işlənməsinin və “Cənub Qaz Dəhlizi” boru kəməri layihəsinin reallaşmasının birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və texniki cəhətdən ən mürəkkəb layilhələrindən hesab olunduğunu bildirib.

Panel müzakirələrində ADA Universitetinin dosenti Elnur Soltanov və Türkiyənin TOBB Universitetinin dosenti Saban Kardas məruzə ilə çıxış ediblər. Mütəxəsisslər ötən ilin dekabrında Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını Azərbaycan qazının Avropaya nəqli istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

Konfransın panel müzakirələrinin ikinci – “Cənub Qaz Dəhlizi” – Avropa İttifaqının baxışı” adlı hissəsində Almaniya Xarici İşlər Nazirliyinin Qloballaşma, enerji və iqlim siyasəti idarəsinin direktoru Miguel Berger, Aİ-nin Enerji üzrə komissarı kabinetinin üzvü Paula Pinyo, Trans-Adriatik boru kəmərinin (TAP) xarici əlaqələr üzrə direktoru Mixael Hoffmann və Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi işçisi Simon Pirani çıxış ediblər.

P.Pinyo “Cənub Qaz Dəhlizi”nin Aİ üçün də strateji əhəmiyyət kəsb etdiyini söyləyib.

M.Berger çıxışında Rusiyanın Avropanın əsas qaz təchizatçısı olaraq qaldığını qeyd edib. Bununla yanaşı, Avropaya yeni enerji dəhlizinin yaradılmasında Azərbaycanın vacib rol oynadığını bildirib.

Alman diplomat, həmçinin ikitərəfli iqtisadi münasibətlərimizin çiçəklənmə dövrü yasağıdını və təkcə enerji sahəsini əhatə etmədiyini bəyan edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart