logo

Ölkə benzin idxalçısına çevrilir?- Ekspert rəyi

Views: 131

probka_BakiAvtomobil kreditlərinin verilməsinə qoyulan qeyri-rəsmi qadağanın real səbəbi deyəsən aydın oldu. Bu, nə problemli kreditlərin çoxluğudur, nə də son illər aktual olan tıxac problemi. Əsas səbəb benzin istehlakının son illər artımı səbəbindən daxili istehsalın istehlakla ayaqlaşa bilməməsidir.

Ekspertlər bildirirlər ki, artıq Azərbaycan benzin idxalından asılılıq sahəsində ilk addımı atıb.

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, yaxın dövrdə ölkəmizin benzin ixracatçısından idxalatçısına çevrilmək təhlükəsi tam real görünür: “Əgər Aİ 98 markalı benzinin idxalının səbəbi sadəcə, bu markalı benzinin emalının ölkədə mümkünsüzlüyü idisə, aşağı markalı benzinlərin idxalının stimullaşdırılmasının ancaq bir səbəbi var: ökədə durmadan artan tələbatı ödəmək.

Hökumət ilk addımını atdı. Nazirlər Kabinetinin 21 yanvar 2014-cü il tarixli, 16 saylı Qərarı ilə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Qərara dəyişiklik edildi. Dəyişikliyə görə, ölkəyə gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi 1 dollar müəyyən edilib. Bundan başqa, gömrük idxal rüsumlarının dərəcələrinə dəyişiklik edilərək iyunun 1-dək mühərrik benzinini 15 faiz idxal rüsumundan azad edib. Qərar 2014-cü il iyunun 1-ədək qüvvədə olacaq”.

S.Əliyevin sözlərinə görə, uzun müddətdir dövrü mətbuatda ölkədə benzinin istehlakının maksimum həddə çatması barədə məlumatlar qeyd edilir: “Dövlət Neft Şirkətinin benzin ixracını bu ildən dayandırması vəziyyətin ciddiliyini göstərirdi. Çünki benzinin ölkə daxilində istehlakı artıq yerli istehsal səviyyəsinə çatıb və yerli istehsal hesabına yalnız daxili tələbatı ödəmək mümkündür.  ARDNŞ-in prezidenti Rövnəq Abdullayev açıqlamasında benzin idxalını istisna etməyib. Benzin istehlakı hər il orta hesabla 10 faiz artır. Belə ki, 2007-ci ildə benzin istehlakı 784,9 min ton idisə, 2012-ci ildə 1,24 milyon tona qalxıb. Bu müddətdə istehlakın həcmi 60 faiz artıb. Dizel yanacağı da əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Bu yanacaq növündə artım 92 faiz qeydə alınıb”.

S.Əliyev qeyd edir ki, həmin dövrdə bütün növdən olan avtomobillərin artımı 47 faiz olub. Bütün növdən olan avtobillərin, o cümlədən avtobusların, yük maşınlarının  sayı 773 mindən (2007) 1,136 milyona (2012) çatıb.

“Göründüyü kimi, yanacaq sərfiyyatının artım tempi avtomobilin artım tempini üstələyir. Bunun səbəbi bir tərəfdən avtomobil parkının köhnə olmasıdırsa, əsas səbəbi avtomobillərin böyük hissəsinin toplaşdığı Bakı şəhərində tıxacların mövcudluğudur. İri həcmli maşınlara meyilli olmağımız cüzi də olsa istehlak artımına təsir göstərir.

Təbii ki, bu vəziyyət uzun sürə bilməzdi. Özü ilə benzin istehlakını stimullaşdıran sürətli avtomobil artımı əlavə benzin idxalına ehtiyac yaradır. Çıxış yollarından olan yanacağın bahalaşması addımı bir o qədər də effekt vermir. Ən azı dekabr artımı bir daha göstərdi ki, qiymətlərin artımı labüddür. Alternativ enerjidən istifadənin ən aşağı səviyyədə olması və iqtisadiyyatın daha çox yanacaqtutumlu olması yanacağın bahalaşmasını təhlükəli edir. Bu, inflyasiya təyziqini gücləndirməklə yanaşı əhalinin həssas təbəqəsinə zərər vurur.

Əlavə benzin idxalı isə benzinin növbəti dəfə bahalaşması qaçılmaz edir. Bu vəziyyətdə hökumət bir neçə addım atdı. Əvvəlcə aksiz vergilərini artırmaqla yanacağın qiymətini qaldırdı. Ardınca idxal olunacaq yanacaq üçün aksiz vergisini müvəqqəti də olsa götürdü. Bununla da idxal yanacağı ilə ölkə daxilində satılan yanacağın qiymətləri arasında olan fərqi aradan götürdü. Paralel olaraq avtokreditləri qadağan etdi.

Bu addımlar təbii ki müvəqqəti xarakter daşıyır və uzunmüddətli dövr üçün səmərə verməyəcək. Yalnız qısa müddətə hesablanmış tədbirlərdir”,- deyə ekspertt qeyd edib.

Onun sözlərinə görə, benzin istehlakı o səviyyəyə çatıb ki, mövcud neft-emalı zavodunun emal gücü həmin ki daxili tələbatı ödəməyə çatır. Zavodun illik benzin istehsal gücü 1,4 milyon ton səviyyəsindədir. Daxili tələbat isə 2013-cü ildə 1,3 milyon tonu da keçib. Mövcud NEZ-ə sərmayə qoymaqla benzin istehsalını artırmaq iqtisadi baxımdan səmərəli deyil, yenisi isə 10 ildən sonra istifadəyə veriləcək: “Avtokreditlərin dayandırılması yolverilməzdir. Əvvəlki açıqlamalarımızda da qeyd etmişik ki, bu bank sektoru üçün problem yaradacaq. Bu addımın iqtisadiyyata təsiri barədə də yazmışdıq. Guman ki, Mərkəzi Bank avtokreditlərin verilməsi yaxın həftələrdə bərpa edəcək. Ancaq hər bir halda şərtlər ağırlaşdırılacaq.

Azərbaycanda ucuz neft pulları dövrü bitdiyi kimi asan avtomobil kreditləri dövrü də bitdi. Bundan sonra kreditlə avtomobil almaq çox çətin olacaq. Hökumət isə avtomobil satışını və idxalını məhdudlaşdırmaq əvəzinə daha səmərəli addımlar atsa yaxşı olar. Axı, adambaşına düşən avtomobillərin sayına görə, biz nəinki Avropa ölkələrindən hətta bir çox MDB ölkələrində geri qalırıq. Qonşu Gürcüstan da bu məsələdə bizi qabaqlayır. Deməli, problemin kökündə avtomobil sayı deyil”.

S.Əliyev deyib ki, hökumət bir sıra addımlar ata bilər: “İlk növbədə avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, köhnə, ekologiya üçün zərərli avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Qənaətli və kiçik həcmli avtomobillərin, xüsusən də alternativ yanacaqla işləyən (hivrid, elektromobil) avtomobillərin idxalının stimullaşdırılmasına başlanmalıdır. İrihəcmli avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq edilməlidir. Məsələn, Qazaxıstanda motorunun həcmi 3 min kub.sm-də çox olan maşınlar əlavə vergiyə cəlb edilir. Nəhayət tıxac probleminin həllinə çalışılmalıdır. Müşahidələr göstərir ki, tıxaclar yanacaq sərfiyyatını avtomobilin növündən asılı olaraq ən azı 20-30 faiz artırır”.

 

Yeni Musavat

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart