2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Bu haqda Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bazara çıxarılan Azərbaycan neftinin 1 milyon 374 min 823 tonunu (72,8% – Caspian Barrel) Azərbaycan Respublikası Dövlət Neft Fondunun mənfəət nefti təşkil edib.
Neft Araşdırmaları Mərkəzi bildirir ki, 2015-ci ildə Neft Fonduna çatan mənfəət neftinin həcmləri 1 milyon 848 min 765 ton təşkil etmişdi. Bu hesabla ötən il Ceyhan terminalı vasitəsilə ixrac edilmiş mənfəət nefti həcmləri 473 min 942 ton azalıb (təqribən 3,5 milyon barel).
2016-cı ildə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 milyon 640 min 827 ton təşkil edib. Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Ceyhan limanından BTC ilə nəql edilmiş 29 milyon 79 min 649 ton nefti ixrac edilmişdi.
SOCAR-ın məlumatına görə, ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il 28 may) 2017-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.