Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmrinə əsasən Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin (AREA) təşəbbüsü ilə yaradılmış “Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitənin (TK 18) yeni əsasnaməsi və strukturu təsdiq edilib. Bu barədə “Report”a Agentliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu addım Komitənin fəaliyyətinin təkmilləşdirilməsi, standartlaşdırma sahəsində aparılan işlərin təşkili və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli səviyyədə standartların istifadə edilməsinin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma fəaliyyətində iştirakın təmin edilməsi məqsədi ilə atılıb.
Komitənin sədri vəzifəsinə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, sədr müavini vəzifəsinə Azərbaycan Texniki Universitetinin “Bərpa olunan enerji mənbələri, enerji maşınları və hidrodinamiki proseslərin tədqiqi” Elmi-Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, dosent, texniki elmlər namizədi Adilə Zeynalova, məsul katibi isə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov seçilib.
Bu Texniki Komitənin strukturuna Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA-nın Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu, “Azərişıq” ASC, “Sumqayıt Texnologiyalar Parkı” MMC və digər qurumların təmsilçiləri daxildir.
TK 18-in fəaliyyət istiqamətlərini alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində beynəlxalq standartlara uyğun milli standartların layihələrinin hazırlanması və ekspertizasının təşkili, beynəlxalq və regional təşkilatların işində iştirak və milli standartlaşdırma sisteminə daxil olan sahə standartlarının təkmilləşdirilməsi təşkil edir.