SOCAR dekabrın 28-də Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağında yeni yüksək hasilat göstəricilərinə malik 14 nömrəli qaz-kondensat quyusunu istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
“Yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və şimal-qərb hissəsinin karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə 2015-ci ilin mart ayından qazılmasına başlanan quyu 6352 metr dərinliyə və Məhsuldar Qatın VII horizontuna çatdırılıb”, – deyə məlumatda deyilir.
Quyu sutkada 600 min kubmetr qaz və 100 ton kondensat hasilatı ilə istismara daxil edilib. Növbəti günlərdə hasilatın mərhələlərlə artırılması və quyunun optimal rejimə çıxarılması planlaşdırılır.
“14 nömrəli quyudan gündəlik 1 mln. kubmetr qaz və 150 ton kondensat hasilatı gözlənılır. Alınmış müsbət nəticə yatağın şimal-qərb hissəsinin işlənməyə cəlb olunması məqsədilə yeni platformaların quraşdırılmasına və yatağın tammiqyaslı işlənməyə cəlb edilməsi istiqamətində işlərin aparılmasına əsas verir”, – deyə məlumatda qeyd olunur.
Hazırda “Ümid” yatağında 10 və 12 nömrəli iki quyu ümumilikdə sutkada 750 min kubmetr qaz və 230 ton kondensat hasilat ilə istismardadır.
* “Ümid” yatağı Xəzərin Azərbaycan sektorunun dayazsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. Yataq 2010-cu ilin noyabrında kəşf edilib və burada hasilat 2012-ci ilin sentyabrında başlanılıb. “Ümid” yatağının ehtiyatları 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.