Bunun üçün iki faktora ehtiyac duyulur: ya neftin qiyməti 23% artmalı, ya da hasilat proqnoz göstəricilərindən daha az olmalıdır
Noyabrın 10-da OPEC-in Vyana toplantısında Təşkilatın bu görüşdə iştirak edən qeyri-OPEK ölkələrinə qarşı 2017-ci ildən 558 min barel hasilat azaldılması ilə bağlı kvota razılaşdırılması olsa da, əsas gözlənti gələn il bu ölkələrin neft hasilatının artırılmasının qarşısını almaqdır.
Ona görə də qeyri-OPEK ölkələrinin OPEK qarşısında reallıqda hansısa bir hüquqi öhdəliyi yoxdur. Məhz buna görə də Rusiyanın energetika naziri A.Novak bəyan edib ki, “əgər hansısa şirkət hasilatını ölkəmizin kvotasına mütənasib azaltmasa, ona qarşı inzibatı cəza tətbiq edilməyəcək”.
Bu baxımdan Azərbaycanın 35 min barel neft hasilatını azaltması ilə bağlı kvotası əslində 2016-cı ilin oktyabr ayında olan göstəricidən hesablanan bir rəqəmdir. Oktyabrda isə Azərbaycan 842 min barel neft hasil etmişdi. 2017-ci ildə bu göstərici 807 min barelə qədər azalmalıdır. Ancaq söhbət ondan getmir ki, Azərbaycan hasilatı həmin səviyyəyə məhz yanvarda salmalıdır. OPEK bunun 6 ayda baş verməsini arzulayır. Lakin məcbur deyil.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Azərbaycan bu addımı niyə atdı? Axı bizdə hasilat digər ölkələrdən fərqli olaraq ilbəil onsuz da azalmağa doğru gedirdi, Azərbaycan neft hasilatının pik dövrünü 2010-cu ildə 50,8 mln ton səviyyəsində keçib və bu il 41,3 mln ton hasilat gözləyir.
Sualın cavabı məsələnin mahiyyəti ilə bağlıdır, yəni Azərbaycanın neft hasilatçısı və ixracatçısı kimi hansı mövqedə olduğunu nümayiş etdirmək idi. Azərbaycan hökuməti gələn il üçün 1,51 mln ton neftin azalmasını hələ oktyabr ayında proqnozlaşdırmışdı. Vyana görüşünə qeyri-OPEK ölkələri sırasında qatılmaqla isə onu göstərdi ki:
a) neftin dünya bazarında hazırkı qiymətləri ilə razı deyil;
b) qiymətlərin “ədalətli dəhlizə” keçməsi üçün 2017-ci ildə hasilatını azaltmaq istəyən dövlətlərin sırasındadır.
Gündəmdə olan əsas məsələlərdən biri budur ki, bəs hasilatın bu qədər azalması Azərbaycan iqtisadiyyatına və onun valyuta gəlirlərinə hansı səviyyədə mənfi təsir edə bilər. Əlbətt də, hasilat həqiqətən də hökumətin proqnozlaşdırdığı səviyyədə azalarsa, bu illik olaraq 11 milyon bareldən yüksək bir həcmdir. Təbii ki, onun gəlirləri də kifayət qədər hiss ediləcək böyük bir məbləğdir.
Ancaq bu itkini, yəni cari ildə Azərbaycanın neftdən gələn gəlirləri səviyyəsində (söhbət Neft Fonduna gələn mənfəət neftindən gedir – $5 mlrd) örtmək üçün yetər ki, neftin qiyməti 2017-də 23% (barelində $10) artmış olsun və illik orta qiyməti $55 təşkil etsin. Gəlirlərin artırılmasının digər amili isə hətta neftin qiymətinin bir qədər az olması yönümündə hasilat həcmlərinin bir-neçə yüz min ton artırılmasına nail olmaqdır, necə ki, cari ildə bu həyata keçirildi.
İlham Şaban, Caspian Barrel Neft araşdırmaları Mərkəzinin rəhbəri
Fins.az