Kaşağanın ilk nefti ixraca göndərildi

Caspian Barrel Qazaxıstan Energetika nazirliyinə istinadən bildirir ki, “Kaşağan” yatağından hasil edilən neftin ilk partiyası 14 oktyabr tarixində ixraca vurulub.

Kashagan_CPCMəlumatda qeyd edilir ki, 7,7 min ton həcmində neft CPC (Xəzər Boru Konsorsiumu) vasitəsilə dünya bazarlarına çıxarılmaq üçün ixrac boru sisteminə vurulub.

Bundan əlavə “KazTranOil” ASC-nin boru kəmərlər sisteminə ixraca göndərilmək üçün 18,8 min ton neft vurulub.

Nazirliyin məlumatdında qeyd edilir ki, “Kaşağan” yatağından həmçinin səmt qazı hasil edilir. Oktyabrın 14-ü tarixinə “İnterqaz Mərkəzi Asiya” ASC-nin (“KazTranGaz” ASC-nə daxildir) boru kəmərlər sisteminə 22,8 milyon kub metr əmtəəlik qaz verilib.

Xatırladaq ki, 2016-cı il sentyabrın 28-də “Kaşağan” yatağındakı “A” süni adasındakı bir neçə quyuda hasilat 2013-cü ilin qəzasından sonra (borularda qaz sızmasından sonra hasilat tam dayandırılmışdı – Caspian Barrel) bərpa edilmişdi. Hasilat stabil vəziyyətdə davam edəndən sonra neft və qaz ilkin emal üçün sahildəki Bolaşak zavoduna daxil olmağa başlayıb.

Bu zavod ona görə tikilib ki, “Kaşağan” nefti dünyada ən zəhərli neftlər sırasındadır: onun tərkibində nəinki yüksək miqdarda kükürd, həmçinin anormal sayıla biləcək turşu qarışığı mövcuddur. İxrac borusuna vurulmazdan əvvəl çıxarılan neft bu məhlullardan tam təmizlənir.