8 ayda Azərbaycan ərazisi ilə 1,6 mln. ton Qazaxıstan nefti daşınıb

vagonlar52016-cı ilin yanvar-avqust aylarında Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə “Batumi neft terminal”ı istiqamətində daşınmasının həcmi 1,6 mln. ton təşkil edib. Bu barədə energetika naziri Natiq Əliyev bu gün rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.

«2015-ci ildə Qazaxıstandan neft və neft məhsullarının Azərbaycan ərazisi ilə “Batumi neft terminal”ı istiqamətində daşınmasının həcmi 2,9 mln. ton, 2016-cı ilin 8 ayı ərzində isə 1,6 mln. ton təşkil edib», – deyə nazir bildirib.

O vurğulayıb ki, Qazaxıstan enerji əməkdaşlığında Batumi limanındakı neft terminalından mayeləşdirilmiş karbohidrogen qazının (LPG) ixracının bərpasına da önəm verir. “Tərəflər bu liman vasitəsilə maye qazın ixracı imkanlarının öyrənilməsində razılığa gələrək, bunun nə dərəcədə səmərəli olmasını araşdırmaq qərarına gəliblər.Batumi neft terminalından Azərbaycan mayeləşdirilmiş karbohidrogen qazının daşınmasının həcmi 2010-cu ildə 156 min ton təşkil edib. 2014-cü ildə bu göstərici 23 min tona qədər azalıb, 2015-ci ildə isə mayeləşdirilmiş karbohidrogen qazının daşınması tamamilə dayandırılıb”, – deyə N.Əliyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəqli və saxlanması üçün Kulevi “Black Sea” Terminalının imkanlarından yararlanmağı daha məqsədəuyğun hesab edir.

http://interfax.az/