SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov ölkəmizdə fəaliyyət göstərən “TOTAL”, “TEPAb”, “ENGIE E&P International” şirkətlərinin nümayəndələri ilə birlikdə Neft Daşlarında olmuşlar.
Xalqımızın ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, Ulu öndərin xatirəsi ehtiramla yad olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur.
Qonaqlar 7 noyabr 1949-cu il tarixdə “Neft Daşları” yatağında istismara verilmiş 1 nömrəli quyu ilə tanış olmuşlar.
Onlara 1999-cu ildə dünya ekranlarında nümayiş etdirilmiş Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” filmindən Neft Daşlarında çəkilmiş kadrlar haqqında da məlumat verilmişdir.
Sonra “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına və “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə baxış olmuş, Birliyin neft və qazçıxarma idarələri rəhbərlərinin iştirakı geniş tərkibli müşavirə keçirilmişdir. Müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, xarici şirkətlərlə əlaqələrin və işbirliyinin təkmilləşdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.