Gələn həftə, mayın 27-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək. Bu haqda Caspian Barrel-ə Energetika nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Azərbaycan nümayəndə heyətinə energetika naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev rəhbərlik edəcək.
İclasda iki ölkə arasında enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri və planlaşdırılan tədbirlər müzakirə ediləcək.
Çoxtərəfli əməkdaşlıq istiqamətində Avropa Qonşuluq Siyasəti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏ) çərçivəsindəki əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Yekun olaraq iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub
Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 2 fevral 2011-ci il tarixində Bakı şəhərində keçirib.