ABŞ-da müntəzəm olaraq hər həftənin cümə günü “Baker Hughes” şirkəti tərəfindən aktiv quyuların sayı açıqlanıb. “Report” xəbər verir ki, 25 mart-1 aprel tarixinə olan müddət ərzində aktiv quyuların sayı 14 ədəd və ya 3% azalaraq 450 ədədə düşüb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə aktiv neft quyularının sayı 538 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə bu göstərici 176 ədəd və ya 32,7% azalıb.
Ümumiyyətlə, aktiv neft quyularının maksimal sayı 2014 cü il oktyabrın 10-da qeydə alınıb. Bu tarixdə aktiv neft quyularının sayı 1 609 ədəd olub.
Açıqlanan göstəriciyə baxmayaraq, “Brent” markalı neftin qiyməti dünən 4,2% azalaraq 38,64 dollar/barelə enib. Buna səbəb isə Səudiyyə şahzadəsinin aprelin 17-də Qətərin Doha şəhərində keçirilməsi planlaşdırılan neft hasilatçısı ölkələrinin sammiti ilə bağlı fikirləri olub. Belə ki, Səudiyyə Ərəbistanı sammitdə İranın hasilatı azaltması barədə qərarı olmasa, müsbət nəticənin əldə edilməsinin mümkün olmayacağı barədə fikirləri neft qiymətlərinin kəskin azalmasına gətirib çıxarıb. Qiymətlərin sammitlə bağlı müsbət xəbərlər olmadığı halda, daha da azalacağı ehtimal edilir. İlkin mərhələdə “Brent” neftinin 36 dollar/barelə qədər enməsi gözlənilir. Bu səviyyədə alıcılar olmayacağı təqdirdə, neft yenidən yanvarın 18-də qeydə alınan minimal səviyyəyə – 27,10 dollar/barelə düşə bilər.