Enerji məsələləri üzrə analitik Dr. Vassilos Sitarasın yaxın günlərdə Xəzər Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən dərc edilmiş “Transxəzər Qaz Kəməri Layihəsinə Alternativ: Sıxılmış Təbii Qaz Üsulu” adlı analitik yazısında Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa bazarına nəqli üçün alternativ üsul təklif edilmişdir. Müəllif təklifini mövcud geosiyasi şərtlərdə Transxəzər qaz kəmərinin qısa zamanda həyata keçirilməsinin qeyri-mümkün olmasıyla əsaslandırmışdır.
İlk öncə onu qeyd edək ki, Türkmənistan qazının Azərbaycana sıxılmış təbii qaz üsulu ilə nəql edilməsi təklifi yeni deyil. Belə ki, 2010-cu ildə ilk dəfə Belçikanın “Enex Group SA” şirkəti Türkmənistandan Azərbaycana sıxılmış təbii qazın nəqli üçün lazım olan infrastrukturun yaradılması təşəbbüsünü irəli sürmüşdür.
Azərbaycan qazının Avropa bazarına nəql edilməsi ilə bağlı yekun qərarın olmadığı həmin ərəfədə, təbii qazın Nabukko qaz kəməri ilə daşınması daha çox müzakirə olunurdu. Azərbaycan hökumətinin İtaliyanın Eni S.p.A şirkəti ilə müzakirələr apardığı bir vaxtda, Enex şirkəti həmin təklifin reallaşdırılması imkanlarını müzakirə etmək məqsədilə Türkmənistan hökumətinə müraciət etmişdi. Eni şirkəti Türkmənistan qazının sıxılmış təbii qaz formasındansa, qazın maye halında 4 tanker vasitəsilə daşınmasında maraqlı idi. Layihənin büdcəsində illik 4-5 milyard kub metr qazın nəqlinə 700 milyon, infrastruktur işlərinə 100 milyon ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdu.
Lakin Enex və Eni şirkətlərinin təklifləri tezliklə gündəlikdəki yerini itirdi. Buna Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin LNG İnterconnector layihəsini dəstəkləyən “Bakı bəyannaməsi”ni imzalamaları səbəb oldu. Bu layihəyə görə, Azərbaycan qazı Gürcüstanın Qara dəniz sahilinə qaz kəməri ilə nəql olunmalıydı. Daha sonra Gürcüstanın Kulevi limanında xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstant limanındakı LNG terminalına daşınmalıydı.
Bu məlumatlara əsaslanaraq həm maye qazın (LNG), həm də sıxılmış təbii qazın (CNG) nəqlinin müxtəlif zamanlarda ciddi müzakirə predmeti olduğunu söyləmək olar. Onu da vurğulamaq yerinə düşər ki, geniş dünya praktikası- na sahib maye qaz üsulu ilə müqayisədə sıxılmış təbii qaz üsulu daha az inkişaf etmişdir. Həmçinin sıxılmış təbi qaz üsulunun səmərəliliyi barədə ətraflı məlumat mövcud deyil.
Buna baxmayaraq, maye qaz ilə müqayisədə sıxılmış təbii qazın müəyyən üstünlüklərə sahib olduğu məlumdur. İlk növbədə, sı- xılmış təbii qazın ixrac infrastrukturunun formalaşdırılmasına az investisiya tələb olunur. Kompressor stansiyalarının xərcləri də kifayət qədər aşağıdır. Ən müasir maye qaz (LNG) zavodunun tikintisi 3-4 milyard ABŞ dollarına başa gəldiyi halda, sıxılmış təbii qaz (CNG) gəmilərinin dizaynı və inşaat materialları daha ucuzdur. Sıxılmış təbii qazın daşınması üçün qaz tankerləri sıxma qurğusu və qazın təzyiqini azaldacaq terminal ilə təchiz olunmalıdır. İstehsal prosesinin bahalı olmaması, eyni zamanda soyutma prosesində kriogen avadanlıqlarına ehtiyac olmaması sıxılmış təbii qazın hasilat və saxlanma xərclərini azaldır. Sıxılmış təbii qaz üsulu ekoloji cəhətdən qaz sızmalarına və tankerlərdə baş verə biləcək qəzalara qarşı yüksək təhlükəsizlik təminatına da malikdir. Xatırladaq ki, Rusiya və İran Transxəzər qaz kəmərinin reallaşmasına olan etirazlarını kəmərin Xəzər dənizinin ekologiyasına vura biləcəyi zərəri səbəb göstərərək əsaslandırırlar. Bundan əlavə sıxılmış təbii qaz üsulu ilə daşınma zamanı 2-5, kəmərlə 2-8, maye qaz formasında isə 8-10 faiz həcmində qaz itkisi baş verir.
Müqayisədən də göründüyü kimi sıxılmış təbii qaz forması ilə daşınma, boru kəməri və ya maye qaz formasına nəzərən daha böyük üstünlüyə malikdir. Bu üsulun mənfəətləri sadəcə iqtisadi dividentlərlə məhdudlaşmır. Eyni zamanda geosiyasi dividentlər də qazandırır. Sıxılmış təbii qazın tankerlərlə daşınması Xəzərin həll olunmamış hüquqi statusuna dair nə yekun razılaşma, nə də Xəzəryanı ölkələr arasında dəniz sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı hər hansı bir sazişi zəruri etmir. Nəticə Sadalananlara baxmayaraq, təbii qazın sıxılmış təbii qaz formasında nəqli üçün bir sıra məsələlərin aydınlaşmasına ehtiyac var.
Son 10 il ərzində sıxılmış təbii qazın tankerlərlə daşınması və tankerlərin dizaynı ilə bağlı bir sıra təkliflər irəli sürülsə də, onların konstruksiyası məsələsi mübahisəli mövzu olaraq qalmaqdadır. Dünya bazarlarında sıxılmış təbii qaz ixracı ilə bağlı kifayət qədər beynəlxalq təcrübənin olmaması müqayisəli təhlilinin aparılmasına imkan yaratmır. Sıxılmış təbii qaz üsulunun maye qazdan fərqli olaraq iqtisadı baxımdan daha rəqabətə davamlı olması barədə müsbət fikirlərin mövcudluğuna baxmayaraq, hələlik onun daha qazanclı üsul olmasını sübut edəcək xüsusi hesablamalar aparılmamışdır. Dünya enerji bazarında neftin və buna bağlı olaraq təbii qazın qiymətinin kəskin aşağı düşməsi iqtisadi qazanclara dair qeyri-müəyyənliyi artırır.
Bunlarla yanaşı, Türkmənistanın Avropa bazarına ixrac etmək üçün lazımi həcmdə əlavə təbii qaza sahib olmaması da ehtimallar arasındadır. Hal-hazırda Türkmənistanın əsas ixrac partnyoru Çindir. Türkmənistan Çinə təbii qazın ixrac həcmini 2017-ci ilədək illik 80 milyard kub metrədək çatdırmağı planlaşdırır. İkitərəfli razılaşmaya əsasən Türkmənistan 2021-ci ilin sonuna qədər Çini illik 65 milyard kub metr qazla təmin etməyə dair öhdəlik götürmüşdür. Bu şərtlərdə, Avropaya qaz ixrac etmək üçün Türkmənistan qaz istehsalını kəskin şəkildə artırmalıdır. Bu məsələ nəzəri cəhətdən mümkün olsa da, böyük investisiya qoyuluşunu zəruri edir. Buna baxmayaraq, Türkmənistandan kiçik həcmli qazının ixracı və Azərbaycanda daxili istehlakda istifadəsi yalnız lazımi infrastrukturun yaradılmasından sonra mümkündür. Lakin Qərb bazarlarına təbii qaz ixracatçısı olmaq yerinə, Asiya bazarında çox şaxəli ixrac sistemi yaratmağa çalışan Türkmənistan kiçik həcmdə qaz ixracında maraqlı olmaya bilər.
Rövşən İbrahimov,
Cənubi Koreyanın Hankuk Universitetinin
professoru və enerji təhlükəsizliyi üzrə analitik