Bu gün Bakıda “AzMeCo” (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın “Qazprom eksport” şirkətləri arasında müqavilə imzalanıb.
“Report” xəbər verir ki, müqaviləni “AzMeCo” şirkəti Direktorlar Şurasının sədri Nizami Piriyev və “Qazprom eksport” şirkətinin baş direktoru Yelena Burmistrova imzalayıblar.
Müqaviləyə görə, “Qazprom” ildə 2 mlrd. kubmetrə qədər təbii qazı “AzMeCo” şirkətinə satacaq. Bu həcmdə qazla “AzMeCo”nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.
“Qazprom”un qaz nəqlinə yaxın vaxtlarda başlayacağı gözlənilir.
Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan “AzMeCo”nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər “AzMeCo” 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib.
Caspian Barrel isə xatırladır ki, Azərbaycan Rusiyadan qaz idxalına 2000-ci ilin oktyabrında başlamışdı. İdxal prosesi 2006-cı ilin sonuna qədər – “Şahdəniz” yatağından qaz hasilatı başlayana qədər davam etmişdi. 2010-cu ildən 2013-cü ilin yayına qədər isə Azərbaycan Rusiyaya qaz ixrac etmişdi.