Bu gün bir nömrəli müzakirə mövzusu bütün dünyanı ağuşuna alan qlobal iqtisadi böhrandır. Neftin dünya bazarlarındakı qiymətinin düşməkdə davam etməsi nəhəng dövlətləri sarsıtmaqda davam edir.
Ötən gün Brent markalı neftin bir barelinin qiyməti 44,35 dollara, bu gün isə 42,57 dollara enib. WTİ neftinin qiyməti isə bir gün ərzində 39,16 dollardan 38,33 dollara düşüb. Bununla da o, öz anti-rekordunu yeniləyib.
Neft qiymətlərinin iqtisadiyyata güclü təsir etdiyini, xüsusən də neft ölkələrinin həyatına təsirsiz ötüşmədiyini nəzərə alsaq, növbəti günlərdə qiymətlərin necə olacağı, ölkəni nələrin gözləyəcəyi ən vacib sual kimi dayanır.
Virtualaz.org saytı bu mövzuya dair suallarını enerji məsələləri üzrə ekspert İlham Şabana ünvanlayıb.
-İlham bəy, neft bu gün ucuzlaşaraq 44 dollara qədər enib. Bu ucuzlaşma sizcə, nə qədər davam edəcək və bu halda neft ölkələrini nələr gözləyir?
-Bu ucuzlaşma şənbə günündən proqnozlaşdırılırdı. Çünki ABŞ fond birjasında çökmə baş verdi. Onun ardınca isə Çin fond birjasında görünməmiş çökmə oldu, fond indeksləri 8% endi və bu proses davam edir. Ümumiyyətlə, qlobal iqtisadi çökmə gedir. Bunun nəticəsində də fond indeksləri öz dəyərini itirir, sonda da bütün iqtisadi proqnozlar, 2015-ci ilin ikinci yarısı üçün gözlənilən pozitiv rəqəmlər korrektə olunacaq.
Heç kəs belə çökmə gözləmirdi. Bu da enerji resurslarına olan tələbatı azaldır. Bu azalma da real olaraq iqtisadi amillərlə bağlıdır, yəni siyasi və ya spekulyativ amillər, hansısa ölkəyə qarşı ümumi mövqe, məsələn, Rusiyanı çökdürmək, İran amili kimi detallar yoxdur. Bunlar çox arxa plandadır. Dünyanın hazırkı iqtisadi vəziyyəti o hala çatıb ki, istehsal edilən neft təkcə neft yox, ümumiyyətlə, enerji – kömür, qaz, alternativ enerji – bunlar tələbatdan yüksəkdir. Bu da enerjidaşıyıcılarının qiymətinin kəskin ucuzlaşmasına səbəb olur.
Amerika bazarında Qərbi Texas markalı nefti 39 dollardır və bu ucuzlaşma davam edir. Bunun sonunu isə heç kim proqnozlaşdıra bilmir ki, nə qədər davam edəcək. Məsələn, 2008-ci ildə neft 147 dollardan 39 dollara qədər düşmüşdü. Bu dəfə isə hara qədər gedəcək – onu demək çətindir.
-Bəs belə çöküşlər adətən nə qədər davam edir? Necə başa çatır?
-2014-cü ilin 17 iyununda maksimum qiymət 117 dollar olub. Artıq 14 aydır ki, bu qiymət ucuzlaşa-ucuzlaşa gedir. 2008-ci ilin enişindən fərqli olaraq budəfəki enişi uzunmüddətli hesab edirlər. 2008-ci ildə baş verən hadisələr maliyyə bazarında köpüyün partlaması ilə bağlı idi, neft amili ilə bağlantısı yox idi. Ona görə də sonradan spekulyativ amillərin təsiri nəticəsində bir il ərzində neft öz qiymətini bərpa elədi. Sonrakı illərdəki qiymət də spekulyativ amillərin təsiri ilə 100 dollardan yuxarı oldu (əsasən nefti “ərəb inqilabları” yuxarı səviyyədə saxlayırdı). Neftin qiyməti yüksək olanda neft şirkətlərinin çoxlu imkanı olub ki, həm dənizdə, həm okeanlarda, həm də qurudakı qeyri-rentabelli yataqlara vəsait yatırsınlar və kəşfiyyata külli miqdarda investisiya etsinlər. İndi həmin nefti götürürlər və bu, rentabellidir. Hətta 20-30 dollar qiymətdə belə rentabellidir, nəticədə də tələb təklifi üstələyir. Neftin hazırkı aşağı qiyməti, hesab edirlər ki, 10 il davam edəcək. 1986-cı ildə bu ucuzlaşma 5 il davam etmişdi, çünki o zaman alternativ enerji yox idi. Amma indi alternativ enerji öz payını getdikcə artırır və nefti bahalaşmağa qoymur.
-Bu ucuzlaşma ayrı-ayrı ölkələrin, konkret olaraq Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək?
-Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısıdır. Bu ölkə 2010-cu ildən başlayaraq Amerika şirkətlərindən birinə, neftayırma sənayesinə çox böyük yatırımlar qoydu. 2008-ci ildən 2015-ci ilə qədər bu sahədə gəlirlilik çox az idi – 1-1,5% arasında. Bunun da səbəbi xam neftin qiymətinin yüksək olması ilə bağlı idi. İndi bu neftin qiyməti iki dəfə ucuzlaşıb deyə artıq xam neft yox, neft məhsulları satmaq şirkətlər üçün daha sərfəlidir.
Səudiyyə Ərəbistanı kimi ölkə dizel yanacağına görə artıq dünya rekordu vurur. Bir neçə il ərzində də xərcini kompensasiya etmək ixtiyarındadır. Rusiya isə xam neftdən 210-225 milyard dollar gəlir götürürdü. Bunun yarısı qədər də neft emalından vəsait əldə edirdi. İndi isə bu gəlirin miqdarı iki dəfə azalacaq.
Azərbaycana gəlincə isə bizim emal sənayemiz daxildəki tələbatın artması ilə əlaqədar olaraq ancaq daxilə sərf olunur. Neft emalında ixrac potensialımız çox aşağı düşür. Hətta qiymətlərdən asılı olaraq ola bilər ki, 1 milyard dollar səviyyəsinə ensin. Bizim əsas gəlir mənbəyimiz xam neftdir. Biz 41 milyon ton neftin 34 milyon tonunu ixraca yönəldirik. Ona görə də əsasən ölkənin valyuta mənbəyinin 95%-i enerji resursudur. Enerji resursunun qiyməti düşəndə də ölkənin gəliri azalır. Məsələn, 2014-cü ildə Neft Fondu 16,2 milyard dollar mənfəət əldə etmişdi. Bu ilin birinci yarısında isə Neft Fondunun gəliri 3,9 milyard dollar olub. İlin birinci yarısında neftin orta ixrac qiyməti 59 dollar olmuşdu.
Amma ilin ikinci yarısı çox pis başladı, ucuzlaşma oldu. Halbuki proqnozlaşdırıldı ki, neft bahalaşacaq, hətta 60 dolları keçəcək. Onu da nəzərə almaq lazımdır ki, ilin son rübündə İran nefti bazara çıxacaq və eyni zamanda Azərbaycanın ixrac neftinin həcmləri azalacaq, çünki hasilat da azalır. Bütün bunlar neftin qiymətini daha da ucuzlaşdıracaq. Bir sözlə, ilin ikinci yarısında Neft Fonduna ən yaxşı halda 3,5 milyard dollar, bəlkə də daha az vəsait daxil olacaq. Bu da cəmi maksimum 7,5 milyard dollar ola bilər. Yəni gəlir iki dəfə azalmış olur, bu da təbii ki, ürək açan vəziyyət yaratmır.
-Bu qiymətlərin manata təsiri necə olacaq?
-Son zamanlar dollara daha çox maraq müşahidə olunur. Hər kəs manatı dəyişib pulunu dollarla saxlamaq istəyir, bu da manat-dollar kursuna təsir göstərir. Xəbər verilir ki, Mərkəzi Bank kommersiya banklarına 370 milyon manat vəsait ayırıb. Bu, o deməkdir ki, Mərkəzi Bank manatın kursunu saxlamaq istəyir. Digər tərəfdən isə həm manatın kursunu saxlamaq, həm də büdcəni qorumaq üçün ajiotaja səbəb olmadan ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı prosesi gedir. Bunlar da onu göstərir ki, bizim neft gəlirlərimizin azalması həyat səviyyəmizə təsir edir. Digər tərəfdən valyuta ehtiyatlarının azalması baş verir. Ona görə də hökumət çıxış yolu kimi tədricən qiymət artımını həyata keçirir. Belə ki, artım hesabına vergi köçürülməsi artır və hökumət görməli olduğu işləri yerinə yetirir.
İlin əvvəlində 34%-lik devalvasiya oldu. Heç qonşu ölkələrdə də bu qədər olmamışdı. Mən hesab edirdim ki, hökumət bu addımı növbəti ilə qədər korrektəyə ehtiyac olmaması üçün atıb. Çünki həm də bu il seçki ilidir və bu da seçki ərəfəsində xoşagələn addım deyil. Qeyd etdiyim kimi, bu iqtisadi təlatümləri heç kim proqnozlaşdırmırdı. Çin fond birjasındakı 8%-lik çökmə bu günlərdə öz ciddi təsirini göstərəcək. Qazaxıstan və Rusiyaya təsirsiz ötüşməyəcək. Bizim də bu ölkələrlə ticarət əlaqələrimiz var. Azərbaycan özünü təcrid etmək istəsə də bunu reallaşdırmaq çox çətindir.
Ümumilikdə dünya iqtisadiyyatında çalxalanmalar gedir. Hansı ölkələr çevik davransa, onlar bu prosesi ağrısız keçəcək. Eləcə də çoxşaxəli iqitsadiyyatı olan ölkələr də bu böhrandan daha az ziyanla çıxa biləcək.
Fatimə Kərimli
Virtualaz.org